Site icon Frame.az

Azərbaycan Turizm Bürosu hər ay fotomüsabiqə keçirəcək

Azərbaycan Turizm Bürosu cari ilin sentyabr ayından etibarən fotomüsabiqələrə start verir.

2020-ci ilin avqustunadək hər ay keçiriləcək müsabiqələr müxtəlif mövzuları əhatə edəcək.

“VarYox” mədəniyyət və incəsənət təşkilatının dəstəyi ilə həyata keçirilən müsabiqəyə yalnız Azərbaycanda çəkilən və məzmun cəhətdən ölkəmizin turizm imkanlarını özündə əks etdirən fotolar qəbul olunacaq.

Belə ki, yaşı 18-dən yuxarı olan şəxslər https://photocontest.tourismboard.az/ saytından ödənişsiz qeydiyyatdan keçərək ölkəmizin insanını, təbiətini, mədəniyyətini, tarix və ənənələrini əks etdirən maksimum 3 foto ilə müsabiqəyə qoşula biləcəklər.

İştirakçılar fotolarına səs verilməsi üçün müvafiq keçidi sosial şəbəkə hesablarında paylaşa bilərlər.

Sonda münsiflər heyəti tərəfindən ən çox səs toplamış 10 foto arasından 5-i seçiləcək və yer sahibləri müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Seçilmiş fotolar Azərbaycanın İnstaqram sosial şəbəkəsindəki rəsmi turizm səhifəsi – “Experience Azerbaijan”-da paylaşılacaq.

Fotomüsabiqə barədə daha ətraflı məlumatı https://photocontest.tourismboard.az/ saytından əldə etmək mümkündür.

Frame.az

Exit mobile version