Azərbaycan Türkiyədə keçirilən “TEKNOFEST 2022”də milli pavilyonla təmsil olunur

Avqustun 30-da Türkiyənin Samsun şəhərində “TEKNOFEST 2022” Aerokosmik və Texnologiya Festivalının rəsmi açılışı olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz festivalda 300 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunur.

“TEKNOFEST Azərbaycan”ın qalibi olmuş 16 komanda Samsun şəhərində keçirilən festivalda iştirak edir və layihələrini ziyarətçilərə təqdim edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbirdə nazir müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Milli pavilyonda AR (Artırılmış Reallıq) sual divarı, TRİFT-VR (Virtual Reallıq) hərbi atış simulyatoru, AR “Dron yarışı” simulyatoru, “Smart Qarabağ” haqqında təqdimat nümayiş edilir. Ziyarətçilərə, həmçinin “VR 360 Shusha view” binoklu ilə Qarabağın incisi olan Şuşa şəhərinə VR video səyahət təqdim olunur.

“TEKNOFEST 2022” Aerokosmik və Texnologiya Festivalı sentyabrın 4-dək davam edəcək.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın ziyarətçi izləyib. Festival çərçivəsində 3 beynəlxalq tədbir və 8 texnoloji müsabiqə təşkil olunub.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: