Site icon Frame.az

Azərbaycan və İsrail musiqiçiləri Beynəlxalq Muğam Mərkəzində bir arada-FOTO-lar

Muğam Mərkəzinin səhnəsində müxtəlif ölkələrdən gələn qonaqların çıxışlarını dəfələrcə dinləmişik, amma heç vaxt Azərbaycan və İsrail musiqilərinin birlikdə sintezini eşitməmişdik.

Dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzində “Sound waves” adlı etno musiqi proyekti silsiləsindən növbəti konsert proqramı təşkil olundu. Qeyd edək ki, bu proyekt əsnasında bu yay ərzində Bakıda Yunanıstan, İtaliya və İspaniya musiqiçilərinin konsertləri artıq keçirilib. Bu dəfə növbə İsrailin oldu.

Tədbiri Muğam Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan-İtaliya assosiasiyası və İsrailin Azərbaycandakı səfirliyi təşkil etmişdi. Konsertin musiqi koordinatorları isə bəstəkarlar Stefano Muskaritolo və Kəmalə Əlizadə idi.

Gecəyə təşrif buyuran qonaqlar arasında müxtəlif iş adamları, səfirliklərin nümayəndələri və ölkəmizdə qonaq olan turistlər çoxluq təşkil edirdi. Tədbir İsrailin tanıtım video çarxı ilə açıq elan olundu və İtaliya Mərkəzinin rəhbəri Paolo Kasaqrande qonaqları salamlayıb sözü İsrailin ölkəmizdəki səfiri Dan Stav-a verdi. Səfir qonaqlara öz təşəkkürünü bildirib, İsrail və Azərbaycanın folklor musiqisinin sintezinden zövq almağa dəvət etdi.

Gecə boyu bir sıra tanınmış kompazisiyalar səsləndirildi. Azərbaycan musiqilərini tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, nağarada Soltan Əliyev və xanəndə Hüseyin Məlikov ifa etdilər. İsrail musiqilərini isə dünya şöhrətli Şem Tov Levi və onun komandasında çıxış edən bass gitarist ifa etdi.

Konsert proqramı “Əsmərim” adlı mahnı ilə açıq elan olundu. Ardınca “Hatwat Hebibi” və “Atəşim var, külüm yoх” sintezi, “The circle of life” və “Sən gəlməz oldun”, “Celebration İSR” və “Mehriban ailə” sintezləri qonaqlara təqdim olundu. Tədbir “Be fruitful” və “Sən Muşfiqin yanında” mahnılarının sintezi ilə sonlandı.

Qeyd edək ki, səsləndirilən kompazisiyaların bir çoxunu bəstəkar Kəmalə Əlizadə işləyib hazırlamışdı.

Proyekt dekabrın 16-da Azərbaycan və Portuqaliya musiqiçilərinin birlikdə konserti ilə davam edəcəkdir.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Frame.az

Exit mobile version