Azərbaycan və Misir arasında turizm əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Turizm əlaqələrinin inkişaf perspektivləri, həyata keçirilən strategiyalar, həmçinin bu istiqamətdə hər iki ölkənin mövcud təcrübələri avqustun 17-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid arasında müzakirə edilib.

DTA-dan Frame.az-a bildirilib ki, görüşdə Fuad Nağıyev son dövrlərdə ölkəmizdə turizm sahəsinə dövlət tərəfindən diqqət göstərildiyini vurğulayaraq işğaldan azad edilən ərazilərin turizm potensialı, həmçinin tarixi-mədəni irsə malik turizm əhəmiyyətli yerlərdə aparılan yenidənqurma və bərpa işləri haqqında məlumat verib. Fuad Nağıyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın artırılmasının iki ölkə arasında turizm əlaqələrinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Səfir Hişam Mohamed Nağı Abdel Həmid Azərbaycanın zəngin turizm potensialına, həmçinin misirli turistlərə təklif edilə biləcək çeşidli turizm məhsullarına və multikultural dəyərlərə malik olduğunu, Misirdə Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini qeyd edib. O, Bakıdan Şarm əl-Şeyxə uçuşlarla yanaşı, Bakı-Qahirə-Bakı birbaşa aviareyslərin açılmasının turizm səfərlərinin sayının artmasına təsir edə biləcəyini bildirib.

Görüşdə birgə fəaliyyət planının hazırlanması, turizm sahəsində təcrübə mübadiləsi, turizm sənayesi nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və qarşılıqlı təbliğatın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: