Azərbaycanın görkəmli ictimai xadimi Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

Noyabrın 24-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib.

MOK-un baş katibi Azər Əliyevin iştirak etdiyi mərasimdə həyatının böyük hissəsini Azərbaycanda idmanın, təhsilin və elmin inkişafına həsr edərək bu sahələrə böyük töhfələr vermiş Əməkdar bədən tərbiyəsi və idman xadimi Ağacan Abiyevin həyat və yaradıcılığına dair videoçarx göstərilib.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclis sədrinin müavini Adil Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək 85 illik ömrünü idmana, elmi-pedaqoji fəaliyyətə və yaradıcılığa həsr etmiş fədakar elm xadimi və idman ustasının həyat yolundan və çoxşaxəli fəaliyyətindən söhbət açıb, yubiley münasibətilə təbrik ediblər.

Bildirilib ki, Azərbaycan elminin və idmanının inkişafında xüsusi xidmətləri olan A.Abiyev həm də idmanın müxtəlif problemlərinə dair bir sıra sanballı əsərləri və tədqiqatları ilə tanınır. Yubilyar 85 illik həyatında idman, elm, təhsil, jurnalistika, televiziya və s. sahələrdə böyük uğurlara imza atıb. ADBTİA-da gənc mütəxəssislərin yetişməsində, onların idmana marağının artırılmasında A.Abiyevin böyük xidmətləri olduğu vurğulanıb. Onun Azərbaycanda beynəlxalq yarışların yüksək səviyyədə təşkili işində də əvəzsiz xidmətləri olduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, professor Ağacan Abiyev yüksək idman nailiyyətlərinə görə SSRİ-nin fəxri idman ustası, beynəlxalq dərəcəli hakim və Əməkdar idman xadimi fəxri adlarına layiq görülüb. O, Avropa Boks İttifaqının vitse-prezidenti, Hakimlər Komitəsinin sədri, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin və Hakimlər Komissiyasının üzvü kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Qeyd edilib ki, Ağacan Abiyevin 85 illik şərəfli ömür yolu gənc nəsil üçün əsl həyat məktəbi və nümunədir. O, 1987-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru işlədiyi dövrdə ölkəmizdə idman mütəxəssislərinin, eləcə də dünyaşöhrətli idmançıların yetişməsinə mühüm töhfələr verib. A.Abiyevin 100-dən çox elmi məqalənin, monoqrafiyanın, tədris vəsaitlərinin, ixtiraların müəllifi, elektron hakimlik sisteminin ilk yaradıcılarından olduğu vurğulanıb. İdman sahəsində qazandığı uğurlarla dünyanın bir çox ölkələrində tanınan və müstəqil Azərbaycanda peşəkar idman yarışlarının təşkilatçısı olan A.Abiyev Azərbaycanda Olimpiya hərəkatının təbliğində və inkişafında mühüm rol oynayıb.

Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan professor A.Abiyevin ictimai-siyasi fəaliyyətinin bir sıra məqamlarına tədbirdə toxunulub.

Yüksək diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirən A.Abiyev onun əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib, xalqımıza və dövlətimizə bundan sonra da şərəf və ləyaqətlə xidmət edəcəyini söyləyib.

Sonda yubilyara xatirə hədiyyələri verilib.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: