Site icon Frame.az

Azərbaycanın tanınmış rəssamı və rejissoru Nazim Məmmədovun ənənəvi xatirə sərgisi keçiriləcəkdir

6 dekabr tarixində Art Tower qalereyasında Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış rəssamı və rejissoru Nazim Məmmədovun ənənəvi xatirə sərgisi keçiriləcəkdir.

Nazim Məmmədovun adı Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyasının inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika janrı ilə məşğul olub, uşaq kitablarına illüstrasiyalar çəkib.
10 dekabr tarixinədək davam edəcək sərgidə Nazim Məmmədovun seçilmiş əsərləri nümayiş olunacaq.

Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1961-ci ildə Moskvada “Soyuzmultfilm” kinostudiyasında multiplikasiya kurslarını başa çatdırdıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator kimi işləyib. Azərbaycanın ilk cizgi filmi olan “Ayı və siçan” cizgi filmini 1970-ci ildə çəkib. “Azərbaycanfilm” kinostudiyasında 40 sənədli filmin istehsalında iştirak edən Nazim Məmmədov 1988-ci ildə “Göyçək Fatma” adlı 5 hissədən ibarət respublikada ilk multfilm-operanı yaradıb.
Nazim Məmmədov əsil vətənpərvər rəssam kimi 1990-cı ildə törədilən 20 Yanvar faciəsinin dəhşətlərini, xalqımızın milli azadlığa qovuşmaq yolunda apardığı mübarizə əzmini kətan üzərinə köçürərək həmin əsərlərdən ibarət sərgi təşkil edib. Sonradan həmin əsərləri əvəzsiz olaraq Azərbaycan Dövlət İncəsənət Muzeyinə (indiki Milli İncəsənət Muzeyi) bağışlayıb. Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da vəfat edib

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Echo.az, Yanicaq.az, Art, Azetac, Frame.az.

Şərab dəstəyi Hillside brendi

Giriş sərbəstir

Frame.az

Exit mobile version