Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin dəstəyi ilə Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu yaradılıb.
Klubun yaradılmasının əsas məqsədi xizək sürmək bacarığı olan yerli media nümayəndələrini klub ətrafında bir araya toplamaq, onların peşəkar xizəkçi kimi formalaşmasına dəstək göstərmək, həmçinin Beynəlxalq Jurnalistlərin Xizək Klubunun (Ski Club of International Journalists) hər il müxtəlif ölkələrdə media nümayəndələri arasında təşkil etdiyi yarışlara qatılmaq və Azərbaycanı təmsil etməkdir.
Bu məqsədlə Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu idman sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və klubun daha geniş coğrafiyada tanıdılması üçün Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Jurnalistlərin Xizək Klubu tərəfindən təşkil olunan 69-cu toplantısında iştirak edib. İyirmi üç ölkədən 130 iştirakçısının qatıldığı toplantıda yeni yaradılan Azərbaycanın Xizəkçi Jurnalistlər Klubunun üzvü Azərbaycanda xizək idmanının inkişafı və potensialı, xizək kurortlarının imkanları haqqında iştirakçılara ətraflı məlumat verilib.
Toplantı çərçivəsində Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu təməli 1955-ci ildə qoyulan və dünyanın 31 ölkəsinin 1000-dən artıq jurnalistinin üzv olduğu Beynəlxalq Jurnalistlərin Xizək Klubuna üzvlüklə bağlı müraciət ünvanlayıb.
Martın 10-dək davam edəcək idman tədbirində iştirakçılar Qazaxıstanın “Şimbulak” Dağ Kurortu ilə yaxından tanış olacaq, Beynəlxalq Jurnalistlərin Xizək Klubunun təşkil etdiyi xizək yarışının müxtəlif disiplinlərində birincilik uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yeni yaradılan Azərbaycan Xizəkçi Jurnalistlər Klubunun 6 üzvü var və onlar ölkənin bir sıra media subyektlərinin əməkdaşları arasından seçilib. Klub üzvlərinin təlimləri “Şahdağ” Turizm Mərkəzində həyata keçirilir.