Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Mərakeş Krallığının Gənclər və İdman Nazirliyinin imzaladığı əməkdaşlıq protokoluna əsasən 8-18 avqust 2017-ci il tarixlərində iki ölkə gənclərinin mübadiləsi çərçivəsində 8 nəfər gəncdən ibarət Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri baş tutmuşdur.
Səfərdən öncə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adil Embarş nümayəndə heyəti ilə görüş keçirərək gənclərə uğurlar arzu etmişlər.
9 avqust tarixində Azərbaycanlı gənclər Mərakeş Krallığının Gənclər və İdman Nazirliyinin Kasablanka şəhərində yerləşən regional idarəsinin qonağı olub. İdarənin rəhbəri Aziz Motassim azərbaycanlı gəncləri salamlayıb və idarənin inzibati binası ilə tanış edib. Daha sonra görüşdə şəhər barədə ümumi məlumat verən Aziz Mottasim gənclərlə bağlı görülən işlər, idarənin əsas məqsədləri və fəaliyyətləri barədə geniş danışarkən bildirib ki, Kasablanca ən çox gənc yaşayan şəhərdir və Mərakeşin iqtisadi şəhəridir.
İdarə rəhbəri fəaliyyət göstərən Gənclər evlərindən bəhs edib. “Gənclər bu evlərdən öz vaxtlarını səmərəli keçirmək üçün rahat istifadə edə bilir. Həmçinin, burada çalışan könüllülər də var ki, bu məkanlara öz töhfələrini verirlər” deyə, idarə rəhbəri vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmisi Vüsal Kərimov, göstərilən xüsusi diqqətə görə nümayəndə heyəti adından öz təşəkkürünü bildirib. O Azərbaycan və Mərakeş arasında gənclər sahəsində aparılan işlərin bir-birinə yaxın olduğunu, birlikdə daha çox işlər görüləcəyini və birgə layihələrin keçiriləcəyini xüsusi vurğulayıb.
Səfər çərçivəsində azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinin qonağı olub. Gənclərlə görüşən səfirliyin I katibi Bayram Məmmədbəyli nümayəndə heyyətinə Azərbaycan və Mərakeş arasında gənclər sahəsində aparılan işlərin təqdirə layiq olduğunu, səfirliyində bu işlərdə hər zaman köməklik göstərməyə hazır olduğunu bildirib. O bildirib ki, Mərakeş Krallığı hər zaman öz gənclərinə xüsusi diqqət ayırır və Azərbaycan ilə birlikdə keçiriləcək qarşılıqlı layihələr krallığın Gənclər və İdman Nazirliyinində marağındadır.
Daha sonra çıxış edən Mərakeş Krallığına ezam olunan azərbaycanlı gənclərdən ibarət nümayəndə heyətinin rəhbəri Vüsal Kərimov Mərakeş Krallığının qonaqpərvərliyi barədə danışıb. O keçirilən müxtəlif görüşlər barədə səfirliyin əməkdaşına ətraflı məlumat verib, birlikdə daha çox işlər görüləcəyini və bundan sonrada birgə layihələrin keçiriləcəyini xüsusi vurğulayıb.
V.Kərimov səfərin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan və Mərakeş Krallığı arasında imzalanan protokola əsasən Beynəlxalq gənclər mübadiləsi (Youth Exchange) çərçivəsində keçirildiyini də vurğulayıb.
Ardınca nümayəndə heyəti Mərakeş Krallığının Meknes şəhərində yerləşən Gənclər Mərkəzində olub. Mərkəzin direktoru Tarik Avid ilə görüşən gənclər mərkəzin binası, oyun meydançaları, yerli gənclərin yaradıcılıq fəaliyyəti, asudə vaxtlarının təşkil olunması üçün yaradılan şəraitlə yaxından tanış olmuşdur.
Beləliklə 8-18 avqust 2017-ci il tarixlərdə Mərakeş Krallığına ezam olunan gənclərdən ibarət Azərbaycan nümayəndə heyəti öz səfərini uğurla başa vuraraq vətənə dönmüşdür.
Xatırladaq ki, səfər çərçivəsində nümayəndə heyəti Rabat, Kasablanka, Fes, İfrane, Meknes və Mərakeş şəhərlərində səfərdə olaraq yerli gənclərlə görüşlər keçirmiş və regionda fəaliyyət göstərən Gənclər Evlərinin inzibati binaları ilə tanış olmuşdur.
Frame.az