Baku City CircuitEventsFormula 1IdmanMusiqiTəqdimatƏn Son

Azərbaycan Qran Prisi ərəfəsində “Bakı Şəhərinin Sədaları” adlı gecə əyləncə proqramı təşkil olunacaq

Aprelin 26-28-də Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi yarış həftəsonunda dünyaca məşhur DJ-lərin çıxış edəcəyi “Bakı şəhərinin sədaları” adlı gecə əyləncə proqramını elan edib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən (BŞH) Frame.az-a bildiriblər ki, “Azərbaycan Hava Yolları”nın QSC-nin (AZAL) və “Silk Way” Şirkətlər Qrupunun dəstəyi ilə “Elektra Events Hall”da baş tutacaq gecə əyləncə proqramında Ciqan, Mahmut Orhan, Robin Şultz və “Lost Frequencies” kimi məşhur DJ-lər iştirak edəcəklər. Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışları ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

Yarış həftəsonu ərzində Azərbaycan Qran-Prisi çərçivəsində “Baku Crystal Hall”da keçiriləcək axşam konsertlərindən dərhal sonra baş tutacaq DJ performansları üçün “Elektra Events Hall”a giriş saat 23:00-da başlayacaq. Gecə əyləncə proqramı üçün biletlərin gündəlik qiyməti 55 manat təşkil edir və arzuedənlər biletləri www.iticket.az saytından və ya şəhərin müxtəlif nöqtələrində yerləşən bilet satış məntəqələrindən əldə edə bilərlər. Formula 1 Azərbaycan Qran-Prisinə bileti olan şəxslər də sözügedən gecə əyləncə proqramı üçün ayrılıqda bilet satın almalıdırlar.

Yarış həftəsonunun gecə əyləncə proqramına aprelin 26-da start veriləcək və ilk olaraq səhnəyə “Qızıl qramafon” və “İlin mahnısı” mükafatlarına layiq görülmüş rusiyalı məşhur pop, hip, hop ifaçısı Ciqan çıxacaq. Sonra səhnəyə Mahmut Orhan çıxacaq. “Deep house” və “Indie dance” musiqi janrları ilə yanaşı məxsus olduğu mədəniyyətin dünyəvi elementlərini öz yaradıcılığında birləşdirən Mahmut Orhan dövrümüzün ən perspektivli DJ-lərindən biri sayılır.

Aprelin 27-də “Elektra Events Hall”un səhnəsində dünyaca məşhur DJ Robin Şultz öz məharətini göstərəcək. Əvvəlcə öz ölkəsində məşhurlaşan alman əsilli DJ artıq beynəlxalq səviyyəli meqastara çevrilib. DJ-liklə yanaşı, prodüserliklə də məşğul olan Şultz hələ 30 yaşında Almaniyanın son 20 ildə ən uğurlu ifaçısı olduğunu sübut edib.

Yarış həftəsonunun gecə əyləncəsinin sonuncu ulduzu “Lost Frequencies” ləqəbi ilə tanınan Feliks De Lit olacaq. 2014-cü ildə bütün dünyada hitə çevrilən və satışı milyonları keçən “Are You With Me” mahnısı ilə məşhurlaşan DJ Feliks 18 ölkədə 1-ci yeri tutub.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim “Bakı şəhərinin sədaları” adlı gecə əyləncə proqramının yaradılması ilə bağlı məmnunluğunu bildirib: “Formula 1 yarışının keçirildiyi həftəsonunda təklif etdiyimiz saysız əyləncə proqramları arasında, əsas konsertlərdən sonra gec saatlaradək davam edəcək “Bakı şəhərinin sədaları” adlı proqram da yer alacaq. Səhnəsində “dance” musiqi janrının ən tanınmış və innovativ simalarını görəcəyimiz “Elektra Events Hall” yarış həftəsonu ərzində sözün əsl mənasında bütün gecə davam edəcək əyləncə proqramına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək, hamını aprelin 26-28-də “Elektra Events Hall”da baş tutacaq bu möhtəşəm tədbir üçün indidən bilet əldə etməyə çağırıram”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!