21 avqust 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Azərbaycan Uşaqlarının IV Forumuna seçilmiş bir qrup uşağın iştirakı ilə görüş keçirilib.
Görüşdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə uşaqların fəallığının artırılmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Nazir Ramin Quluzadə uşaqların bir çox problemlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratdığı üçün bu cür forumların keçirilməsini yüksək qiymətləndirib.
İKT sektorundakı ən son yeniliklər, yüksək texnologiyalar və ölkəmizin kosmik sənayesi barədə söz açan nazir uşaqları “Azərkosmos”un Peyk İdarəetmə Mərkəzinə dəvət edib. Sonra nazir uşaqların startaplar, internet resursları, “Elektron hökumət” və s. barədə suallarını cavablandırıb.
Səmimi atmosferdə keçən görüşdə şagirdlərin təklifləri dinlənilib və maraqlı diskussiyalar aparılıb.
Sonda nazir R.Quluzadə uşaqlara Azərbaycanın rabitə tarixini əks etdirən “Azərbaycan Telefon Rabitəsi 135 il” kitabı və müxtəlif mövzulara həsr olunmuş marka kolleksiyaları hədiyyə edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək Forum və Foruma uşaqların seçimi barədə məlumat verib, həmçinin Forum nümayəndələrinin aidiyyati dövlət qurumlarının rəhbərləri ilə görüşlərinin onlar üçün əhəmiyyətini vurğulayıb.
Frame.az