IqtisadiyyatTurizmTəqdimat

Azərbaycan və ABŞ arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında turizm üzrə əməkdaşlıq imkanları oktyabrın 25-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşdə müzakirə edilib.

Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, görüşdə Fuad Nağıyev Agentlik tərəfindən postpandemiya dövründə turizmin bərpası üzrə görülən tədbirlər, qurumun tabeliyindəki qoruqların ərazilərində son dövrlərdə aparılan bərpa və yenidənqurma işləri haqqında məlumat verib. O, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərin turizm potensialı və DTA tərəfindən Qarabağda aparılan qiymətləndirmələr əsasında hazırlanan layihələrdən bəhs edib.

Həmçinin Fuad Nağıyev regional turizmin inkişafının prioritet istiqamət olduğunu, 2019-cu ilin rəqəmləri ilə müqayisədə turizmin təxminən 50 faiz bərpa olunduğunu, hədəf bazarların xüsusiyyətləri nəzərə alınaraq müvafiq marketinq fəaliyyətləri həyata keçirildiyini bildirib.

ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycanda zəngin tarixi-mədəni irs, təbiət, etnik və dini müxtəliflik, stabillik, çoxçeşidli turizm imkanları kimi amillərin mövcudluğunu, Azərbaycanın turizmin inkişaf etdirilməsi üçün geniş potensiala malik olduğunu qeyd edib. O, amerikan şirkətlərinin Azərbaycanın turizm infrastrukturuna investisiya qoyuluşunda maraqlı olduqlarını diqqətə çatdırıb. Müvəqqəti işlər vəkili Hüqo Gevara Azərbaycanda müasirlik və tarixiliyin uğurla vəhdət təşkil etdiyini vurğulayaraq amerikalı turistlər arasında Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini bildirib.

Görüşdə birbaşa uçuşlar, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi müzakirə edilib, eyni zamanda, Dövlət Turizm Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi arasında (USAID) “Özəl Sahibkarlığa Dəstək” layihəsi çərçivəsində əməkdaşlıq, xüsusilə kənd turizmi, aqroturizm və qastroturizm imkanlarının inkişafına yönəlmiş layihələr haqqında fikir mübadiləsi aparılıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!