EventsMədəniyyətOxu zalıTəqdimatƏn Son

Azərbaycan Xalça Muzeyində kəlağayı sənətinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Xalça Muzeyində Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində kəlağayı sənətinə həsr olunmuş sərginin açılışı olub. Tədbirlər BP və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə layihəsi olan “Kəlağayı” kitabının təqdimatı çərçivəsində həyata keçirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirib ki, Azərbaycan Xalça Muzeyinin “Tikmə, geyim, parça” kolleksiyasında müxtəlif bölgələrdə istehsal olunmuş kəlagayılar saxlanılır. Bunlar XIX-XX əsrlərə aid olan Qarabağ, Şəki və Basqal kəlağayılarıdır. Ölkəmizdə milli dəyərlərimizin qorunmasına dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan söz açan Şirin Məlikova kəlağayı sənətinin inkişafının diqqət mərkəzində olduğunu deyib. Kəlağayı sənəti, onun mahiyyəti, dünya miqyasında tanıdılması üçün dövlətimiz tərəfindən atılan addımlara diqqət çəkən muzeyin direktoru deyib ki, Heydər Əliyev Fondunun bu qədim ənənəvi sənətimizin dünyada daha da çox təbliğ və təqdim edilməsində rolu misilsizdir. “Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən biri olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapıb. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi nəticəsində Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib” – deyə Şirin Məlikova vurğulayıb.

Sərgidə Xalça Muzeyinin kolleksiyasından 14 müxtəlif kompozisiyaya malik incə və zərif kəlağayıların yeni təqdimat formasında nümayiş etdirildiyini bildirən Şirin Məlikova deyib ki, Azərbaycan qadınlarının gözəllik simvolu hesab olunan, yüz illərdən bəri qorunub saxlanan və ənənəvi baş örtüyü olan kəlağayı təkraredilməz zərifliyə malikdir. “Bununla yanaşı, kəlağayı Azərbaycan qadınları üçün təkcə baş örtüyü kimi deyil, dərin fəlsəfi mənaya malik unikal sənət nümunəsi olaraq qəbul olunur” – deyə o, qeyd edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!