Frame LifeSağlamlıqTəqdimat

Azərbaycanda beynəlxalq səviyyəli tibbi treninqlər keçiriləcək

Uzun fasilədən sonra – dekabrın 1-dən 4-ə qədər Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) təşkilati dəstəyi ilə növbəti VII Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək.

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətindən verilən məlumata görə, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Azərbaycan Almaniya Tibb Cəmiyyəti tərəfindən təşkil edilən və cərrahiyə, onkologiya, qastroenterologiya, intensiv terapiya, ginekologiyaya və ümumilikdə tibdə multidissiplinar yanaşmalara həsr olunacaq bu beynəlxalq tədbirdə Almaniya, Türkiyə, Özbəkistan, Bosniya və digər xarici ölkələrdən dəvət olunan 10 nəfərə yaxın beynəlxalq səviyyəli ekspertin iştirakı planlaşdırılır. Tibbi treninqlərdə iştirak etmək üçün artıq 300 nəfərdən çox iştirakçı rəsmi qeydiyyatdan keçib. Onlardan 200 nəfəri üçün laparoskopik və açıq cərrahiyə, ultrasonoqrafiya, endoskopik ultrasonoqrafiya, intensiv terapiya, ginekologiya, endoskopiya, tibb bacıları kursu və bir sıra digər sahələr üzrə ən müasir tibbi simulyatorlar üzərində, Avropada davamlı tibb təhsili məqsədilə istifadə olunan xüsusi öyrədici proqramlar əsasında tibbi treninqlər keçiriləcək. Builki treninqlərin özəlliklərindən biri də 4 gün ərzində zala translyasiya edilməklə yanaşı eyni zamanda onlayn translyasiya ediləcək canlı əməliyyat və digər prosedurların keçirilməsi planlaşdırılır. Aparılacaq əməliyyatlar, tibbi prosedurlar və treninqlərin moderatorluğu xarici mütəxəssislərlə yanaşı yerli mütəxəssislər tərəfindəndən də icra ediləcək. Eləcə də tibb bacıları üçün həkimlərin, aparıcı mütəxəssislərin və xarici ölkələrdə tibb bacılarının hazırlığı və ixtisaslaşması ilə məşğul olan aparıcı tibb bacılarının moderatorluğu ilə xüsusi ustad dərsləri və treninqlər keçiriləcək. Bu treninqlər Avropada Davamlı Tibb Təhsili Mərkəzləri tərəfindən, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 20 davamlı tibb təhsili krediti ilə qiymətləndirilib.

Sevindirici haldır ki, tədbirdə iştirak üçün 250 nəfərdən çox azərbaycanlı həkim, rezident, tələbə və tibb bacıları ilə yanaşı Türkiyə, Özbəkistan, Tacikistandan və Rusiyadan olan 50 nəfərə yaxın xarici iştirakçı qismində qeydiyyatdan keçib. Treninqlər, canlı əməliyyatlar və ustad dərsləri 4 gün ərzində Almaz Akademie Medical Training Center, M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzi, Milli Onkologiya Mərkəzi, Mamaliq Ginekologiya İnstitutu və bir sıra digər tibb mərkəzlərində olacaq.

Tədbirin rəsmi açılış mərasimi dekabrın 3-də saat 09:00-da Bakı şəhəri Holliday İnn otelində keçiriləcək. Açılışda Almaniyanın, Türkiyənin, Özbəkistanın və Tacikistanın Azərbaycandakı səfirləri, Milli Məclisin üzvləri və tibb müəssisələrinin rəhbərlərinin də iştirakı gözlənilir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!