Baku City CircuitFormula 1IdmanTəqdimat

Azərbaycanı ən həyəcanlı drift yarışının dünya finalında təmsil edəcək pilot seçilib

Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilati dəstəyi ilə Bakıda ilk dəfə keçirilən və dünyanın ən həyəcanverici drift seriyası olan “Red Bull Car Park Drift” çempionatının milli final mərhələsi başa çatıb.

Münsiflər heyətinin qərarına əsasən, yarışda milli pilotlarımızdan birinci yerin sahibi Adil Axundov olub. İkinci yeri Pərviz Əzizov, üçüncü yeri isə Rauf Dadaşzadə tutublar.

Qalibləri Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov təltif ediblər.

Qeyd edək ki, birinci yerin sahibi Adil Axundov Səudiyyə Ərəbistanında keçiriləcək “RedBull Car Park Drift”in dünya finalında Azərbaycanı təmsil edəcək.

Özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən yaxşı drift nümayiş etdirən 16 iştirakçı milli final mərhələsində yarışıb. Çoxmərtəbəli avtodayanacaqların dar küncləri, beton dirəkləri və dayaqları boyunca hərəkət edən drifterlərdən ilhamlanaraq yaradılmış bu seriya, maneələrlə dolu yerlərdə sürətlə hərəkət etmək, drift məharətlərini sərgiləmək və “pendulum”, “spiral”, “gate”, “flipper” kimi tapşırıqlardan ibarət olub.

Avqust ayında “Red Bull Car Park Drift” yarışının hazırki iştirakçıları dünya şöhrətli livanlı driftçi Abdo Feqalidən ustad dərsləri almışdılar. 2012-ci ildə Əbu-Dabidə ən uzun drift edən Abdo Feqalinin adı Ginnesin Rekordlar Kitabına salınıb. O, həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!