IqtisadiyyatSəyahətTurizmTəqdimat

Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında nümayiş etdirilir

Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə iştirak edir.

Sərgidəki milli stenddə Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli turizm sənayesi nümayəndəsi təmsil olunur.

Stend ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış tarixi abidələri, milli mətbəx nümunələri, ekoturizm, sağlamlıq, yay və qış turizmi imkanları üzrə potensialı haqqında ətraflı məlumat verilir.

Sərgi çərçivəsində digər iştirakçı ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.

Mayın 24-dək davam edəcək “Riyad Səyahət Sərgisi”ndə dünyanın 55 ölkəsindən 300-dən çox turizm sənayesi nümayəndəsi təmsil olunur. Sərginin 30 minədək ziyarətçini qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, 2022-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub. Eyni zamanda Səudiyyə Ərəbistanı 2023-cü ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır.

Həmçinin 2022-ci ildə Səudiyyə Ərəbistanından olan ziyarətçilər Körfəz ölkələri sırasında birinci pillədə qərarlaşıb. Həmin il Körfəz ölkələrindən Azərbaycana 185 288 xarici vətəndaş səfər edib ki, bunun da 52%-ni Səudiyyə Ərəbistanı vətəndaşları təşkil edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti Bakı və Ər-Riyad arasında birbaşa reyslər həyata keçirir.

Ötən ilin dekabr ayında Azərbaycan Turizm Bürosu ilə “Flynas” hava yolları şirkəti arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, turizmin inkişafı üçün potensial fəaliyyətlərin təşviqi, eləcə də turist axınına təkan verəcək birgə layihələrin işlənib hazırlanması məqsədilə “Anlaşma Memorandumu” imzalanıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!