Təlimlər zamanı böyük psixoloji stress keçirmiş uşaq və onların valideynlərinin emosional durumu üzə çıxarılıb, onların yaşadıqlarını sənət yolu ilə ifadə etməsinə imkan yaradılıb. Uşaqlar rəsm sənət növündən istifadə edərək hisslərini kağıza köçürüblər. Həm uşaqlar, həm də böyüklər üçün faydalı olan art-terapiya uşaqların daxili dünyasını açmağa, həm də gizli bacarıqlarını üzə çıxarmağa yardımçı olub.
“Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsi çərçivəsində keçirilən görüşlər zamanı şəhid övladları qəhrəman ataları haqqında xatirələrini də səsləndiriblər. Layihənin yekunu olaraq tezliklə uşaqların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitab həm rəqəmsal, həm də çap formatda hazırlanıb nəşr ediləcək. Kitabın elektron versiyasını “Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.
Eyni zamanda, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbir çərçivəsində də “Azercell” şirkəti Aprel döyüşləri şəhidlərinin və telekommunikasiya sahəsində çalışmış və II Qarabağ müharibəsində Vətən uğrunda həyatını qurban etmiş şəhidlərin övladlarını təbrik edib, hədiyyələr verib.