Azercell-dən Vaşinqtonda Azərbaycan musiqisi gecəsi

Martın 20-də “Azercell”in təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə Vaşinqtonda Novruz bayramı münasibətilə gənc musiqiçi və bəstəkar Xan Bəylinin konserti təşkil olunub.

Vaşinqtonun ən məşhur konsert zallarının birində tutan tədbirə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın dəvəti ilə Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan, Qazaxıstanın səfiri Yerjan Aşıkbayev, Özbəkistanın səfiri Javlon Vahabov, Azərbaycan və müxtəlif xalqların Amerikadakı diasporlarının üzvləri, eləcə də yerli qonaqlar qatılıblar.

Açılış nitqi ilə çıxış edən “Azercell”in prezidenti Zərinə Zeynalova şirkət tərəfindən həyata keçirilən bu tədbirin zəngin mədəni irsimizin, milli dəyərlərimizin beynəlxalq ictimaiyyətə tanıdılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Z.Zeynalova həm milli, həm də dünya musiqisinin müxtəlif çalarlarını öz əsərlərində əks etdirən gənc bəstəkar Xan Bəylinin fəaliyyətini yüksək qiymətləndirdiyini, öz ətrafında fərqli insanları birləşdirmək qüvvəsinə malik olduğunu qeyd edib.

Səfir Xəzər İbrahim səhnəyə Azərbaycanın milli paltarlarını geyinmiş övladları ilə birlikdə çıxaraq qonaqları Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edib. Xan Bəylinin dünyaya örnək ola bilən Azərbaycan dəyərlərinin və musiqisinin ABŞ-da təbliğ edilməsində fəal iştirak etdiyini vurğulayan səfir “Azercell”ə və bu təşəbbüsün gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Tədbirin xüsusi qonağı, İctimai Televiziya və Radionun aparıcısı Fateh bu musiqi ziyafətinə Xanın ölkəmizdəki pərəstişkarlarını və saat fərqinə baxmayaraq, səbirsizliklə bu konsertin yayımını gözləyən Azərbaycan auditoriyasını təmsil etmək üçün qatıldığını bildirib. Məşhur aparıcı sosial media hesablarından izləyicilərinə konserti canlı izləmək imkanı yaradıb.

Ukraynada azərbaycanlı ailəsində doğulan həmyerlimiz Xan Bəyli xalq mahnılarımızı, müasir estrada bəstələri ilə yanaşı, özünün müəllifi olduğu nəğmələri də səsləndirib. Muğamı caz və etnik musiqi ilə xüsusi improvizasiyada təqdim edən Xan Bəyli ABŞ-ın müxtəlif ştatlarından tədbirdə iştirak etmək üçün bir araya toplanan dinləyicilərinə öz ifaları ilə Novruz öncəsi xoş ovqat bəxş edib.

Qeyd edək ki, Bostondakı Berkli Musiqi Kollecinin məzunu olan Xan Bəyli Azərbaycan musiqisinin xaricdə tanıdılması üçün fərqli və maraqlı layihələr icra edib, Jack De Johnette, John Medeski, David Fiuczynski və Screaming Headless Torsos, Ənvər İsmayılov, Erkan Ogur və digər tanınmış sənətçilərlə eyni səhnəni bölüşüb.

Tədbir Amerika icması tərəfindən böyük rəğbətlə qarşılanıb. Qonaqlar və icma nümayəndələri xoş təəssüratlarını fəal şəkildə sosial media hesablarında paylaşıblar. Konsertdən görüntülər tez bir zamanda “Azercell”in rəsmi yutub kanalında paylaşılacaq.

“Azercell Telekom” MMC Azərbaycan musiqisini beynəlxalq müstəvidə təbliğ edən həmyerlimiz Xan Bəyliyə gələcək fəaliyyətində uğurlar arzu edir!

Daha ətraflı məlumat üçün news@mcs.az  ünvanına müraciət etmək olar.

Qeyd edək ki, Azərbaycanın mobil rabitə sənayesinin lideri “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyondan çox abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 94,25 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi isə 98,73 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda, Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. “Azercell”in məqsədi: “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: