Site icon Frame.az

Azercell-in Müştəri Xidmətləri və Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir

Bu ilin 7 ayında Bakı və bölgələrdə 400 minə yaxın abunəçiyə xidmət göstərib

COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiqi dövründə də “Azercell Telekom” MMC abunəçilərinə ofislərdə və səyyar şəkildə fasiləsiz xidmət göstərib.

Ağır və gərgin iş rejiminə baxmayaraq, şirkətin Müştəri Xidmət Mərkəzləri həm müştərilərin, həm də əməkdaşların səhhətinin qorunması məqsədilə lazımi qoruyucu tədbirlər görərək maksimal təhlükəsiz şəraitdə öz fəaliyyətini davam etdirib.

“Azercell” Müştəri Xidmətləri tərəfindən bu ilin ilk 7 ayında xidmət göstərilən müştərilərin sayı Bakıda 220000-dən artıq, regionlarda isə 180000-ə yaxın olub.

Ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə alaraq, “Azercell” öz abunəçilərinə ev şəraitindən ayrılmaması və kütləvi insan axınının mövcud olduğu yerlərə getməməsi üçün alternativ xidmət kanalları təqdim edib. Belə ki, pandemiya dönəmində “Azercell”in Mobil Müştəri Xidmətləri tərəfindən abunəçinin istəyinə uyğun olaraq ona birbaşa yaşadığı ünvanda xidmət göstərilib. 5 ay ərzində (1 mart-31 iyul 2020) “Azercell” Mobil Müştəri Xidmət Mərkəzinə 700-ə yaxın müraciət daxil olub. Onlardan 300-dən çoxunu 65 yaşdan yuxarı olan abunəçilər təşkil edib ki, bu kateqoriyadan olan vətəndaşlara bütün ölkə boyu “Azercell” tərəfindən pulsuz xidmət göstərilib.

Qeyd edək ki, sərt karantin rejiminin tətbiq olunduğu müddətdə “Azercell” Müştəri Xidmət ofisləri xüsusi rejimdə işlədiklərindən abunəçilərin məsafəli qalması və daha təhlükəsiz şəraitdə xidmət göstərilməsi üçün bəzi hallarda elektron növbə tətbiq olunmayıb. Buna görə həmin dövrdə Müştəri Xidmət Mərkəzlərində qəbul edilən və xidmət göstərilən real abunəçi sayı qeyd olunandan qat-qat çoxdur.

“Azercell”in Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzlərində pandemiyanın ilk günlərindən bu günə qədər zəruri tədbirlər görülür. Xidmət işçiləri və müştərilərin istifadəsi üçün içində antiseptik gel olan dozatorlar quraşdırılıb. Yalnız Müştəri Xidmət Mərkəzlərində deyil, ümumiyyətlə, “Azercell”ə məxsus olan ofislərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, ofislərə girişdə hərarət kontaktsız rəqəmsal termometrlə ölçülür. Müştərilərlə təmasda olan əməkdaşlara, səyyar xidmət də daxil olmaqla, qoruyucu maskalar və əlcəklər təqdim edilir.

COVID-19 virusunun yayılmasının qarşısının alınması, əməkdaşların və müştərilərin sağlamlığının qorunması məqsədilə bir sıra Müştəri Xidmətləri (Q. Qarayev pr. 81, B. Bağırova 2, H.Z. Tağıyev, 26A ünvanlarında yerləşən) ofislərində masaüstü şüşə arakəsmələr qoyulub. B. Bağırova 2 ünvanında yerləşən xidmət mərkəzinin önündə isə küçədə növbə gözləyən abunəçiləri gündən qorumaq üçün tent quraşdırılıb.

“Azercell Telekom” hər bir şəraitdə müştərilərinə ən yüksək səviyyədə xidmət göstərməyə hazırdır. Lakin abunəçilərin sağlamlığının qorunması məqsədilə distant xidmət kanallarına – “Azercell”in çoxfunksional “Kabinetim” tətbiqindən və Onlayn Müştəri Xidmətlərindən – yararlanmaq, yalnız zəruri hallarda Müştəri Xidmət Mərkəzlərinə müraciət etməsi tövsiyə olunur.

Exit mobile version