Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə “Big Data” texnologiyasını tətbiq edən “Azercell Telekom” bu sahədə ciddi irəliləyiş əldə edib. Sözügedən texnologiyanın qabaqcıl həllərindən istifadə mobil operatorun rəqəmsal transformasiyasını mümkün edib. Hazırda “Azercell”in hədəfi abunəçilərin tələbatlarını real vaxt rejimində təyin edərək müvafiq təklifi onlara dərhal göndərən modelləri ərsəyə gətirmək, bununla da müştərilərinin həyatını asanlaşdırmaqdır. Məhz buna görə də bu gün “Azercell”in istənilən məhsulunun təməlində “Big Data” analitikası dayanır.
Mobil operatorlar üçün sərhədsiz imkanlar yaradan bu texnologiya mövcud məlumat platforması, məlumatların saxlanması və işlənməsi ilə bağlı çətinlikləri aradan qaldırıb. “Big Data” texnologiyası böyük həcmdə məlumatlara sahib olan “Azercell” şirkətinə onları real vaxt rejimində dərin analizini aparmağa imkan verir. Bu, həm də dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır. Qeyd olunmuş imkanlardan yararlanmaq üçün “Azercell” “Big Data” texnologiyasına əsaslanan layihəni icra edir. Bu proses özündə texnoloji, analitik və data aktivlərinin idarə olunması üzrə transformasiyanı nəzərdə tutur.
Texnoloji transformasiya – yerli kommunikasiya sektorunda ilk dəfə olaraq “Big Data” texnologiyasının tətbiqini; analitik transformasiya –maşın öyrənməsi, vizuallaşdırma, real vaxt hesabatları və proqnozlaşdırıcı analiz vasitəsilə təhlil proseslərinin effektivliyinin artırılmasını; data aktivlərinin idarəedilməsi – korporativ səviyyədə məlumatların idarə olunmasını ehtiva edir.
“Azercell” şirkəti artan məlumat həcmi və analitik ehtiyacları təmin etmək üçün “Apache Hadoop”, “Spark” və “Kafka” kimi “opensource” (açıq mənbə) texnologiyalarına əsaslanan “Big Data” ekosistemini tətbiq edib. “Apache Nifi” məlumat toplama platformasının tətbiqi ilə məlumatların işlənməsi imkanlarını artırıb. Eyni zamanda, “Big Data” platforması korporativ səviyyədə olan verilənlər anbarı platformasına inteqrasiya olunaraq şirkət səviyyəsində birləşdirilib.
“Azercell” “SAS” və “Tableau” şirkətlərinin maşın öyrənmə və vizual təhlil platformalarını tətbiq etməklə təhlil imkanlarını daha da təkmilləşdirib. Bu platformaların tətbiqi maşın öyrənməsini, proqnozlaşdırıcı təhlillərin və statistik məlumat modellərinin daha dəqiq və sürətli hazırlanmasını təmin edib. Nəticədə yeni abunə axını (churn) modeli, ikili sim abunə modeli, seqmentasiya modeli və satışın optimallaşdırılması modelləri hazırlanıb. Bu da öz növbəsində müştərilərin dəqiq seqmentlərə bölünməsinə, müştəri axınının qarşısının alınmasına, bazar reallıqlarına daha da uyğun olan məhsul və xidmətlərin hazırlanmasına imkan verib.
Hazırlanmış vahid korporativ idarəetmə panelləri real vaxt rejimində bütün şöbələrin maliyyə və biznes göstəricilərini izləməyə imkan verir. Beləliklə, artıq şirkətin fəaliyyətinin monitorinqi xüsusi panellər vasitəsilə onlayn rejimdə həyata keçirilir, real zaman kəsiyində trafik, servislər və digər detallar haqqında məlumatlar əsasında müvafiq qərarlar qəbul olunur. Bunlar dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır.
İstifadə edilən hazır proqram təminatları ilə yanaşı, Azercell həm də “opensource” proqram təminatları və maşın öyrənmə kitabxanaları ilə R və Python proqramlaşdırma dillərindən istifadə etməklə yeni modellər hazırlayır. Bu strategiya isə məlumatların əlavə təhlil imkanlarını zənginləşdirir.
“Azercell” məlumat idarə olunması layihəsi çərçivəsində bu sahədə “Informatica” kimi aparıcı şirkətin proqram təminatından istifadə edir. Bu layihənin icrası məlumatların idarə edilməsinə, əldə olunmasına, təsnifatlaşdırılmasına imkan verəcək.
“Big Data” texnologiyaları həm şirkətlərə, həm də müştərilərə yararlıdır, belə ki, şirkət öz hədəf auditoriyasını nə qədər yaxşı tanıyırsa, onlar üçün bir o qədər sərfəli təklif hazırlaya və ya daha çox fərdiləşdirilmiş məhsullar təqdim edə bilər. Digər tərəfdən, “Big Data” texnologiyası daxili qərar qəbuletmə prosesini optimallaşdırmağa və məlumatların işlənmə xərclərini ümumilikdə azaltmağa kömək edir. Bu isə son nəticədə məhsul qiymətlərinin effektivliyi ilə nəticələnir. “Big Data” daha öncə əlçatan olmayan imkanlardan və daha dəqiq proqnozlaşdırmadan istifadə edərək rəqabət qabiliyyətini artırmağa şərait yaradır. Həmçinin cəmiyyətin rifahının daha da artırılmasına xidmət edəcək həlləri yaratmaq imkanı verir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 93,6 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 98,65 faiz təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda, Beynəlxalq Biznes Stevie Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-dək bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.