“Azercell” şirkəti Keyfiyyətin İdarə Olunması və Müştəri Məmnuniyyətinin Yüksəldilməsi üzrə beynəlxalq sertifikat qazanıb.
Sertifikatın alınması üçün “Azercell” şirkəti bu il mart ayının 16-da başlayan beynəlxalq standarta uyğunluq üzrə resertifikasiya auditini uğurla bitirib. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb.
ISO 10002:2018 sertifikatının əldə olunması “Azercell Telekom” MMC tərəfindən müştərilərlə aparılan işin səviyyəsini göstərir. Bu beynəlxalq standart məhsul və xidmətlərlə əlaqəli şikayətlərin qurumlara daxil olması, onların nəzərə alınması, cavablandırılıb həll olunması prosesini qiymətləndirir. Həmçinin şikayətlərə baxılması işinin daha effektiv şəkildə həyata keçirilməsi üzrə tələbləri müəyyən edir.
Hesab olunur ki, şikayətlərlə iş prosesinin təhlili sonradan məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir edir. Odur ki, audit zamanı müştəri məmnuniyyətinin yüksəldilməsi, şikayətlərə vaxtında və məzmunlu cavab verilməsi, daxil olan iradların hamısının nəzərdən keçirilməsi, müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi kimi amillər nəzərə alınır. Həmçinin şirkət heyəti üzvlərinə müştərilərlə iş üzrə xüsusi təlimlərin keçirilməsi, prosesin effektivliyinin artırılması məqsədilə zəruri analizlərin aparılması və bu addımların məhsuldarlığa hansı dərəcədə təsir göstərilməsi qiymətləndirilib.
Müasir texnologiyaların və biznes həllərin köməyi ilə müştərilərin işini asanlaşdırmağı hədəfləyən “Azercell” hazırda öz abunəçilərinə bütün mümkün platformalar üzərindən xidmətləri təqdim edir. Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət aparılıb. “Azercell”in istifadəyə verdiyi “Kabinetim” tətbiqi müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. Qeyd edək ki, “Azercell Telekom” ilk dəfə hələ 2011-ci ilin aprelində ISO 10002 Standartı üzrə uyğunluq sertifikatını əldə edib.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.