Layihə Quba, Xaçmaz və Qusar şəhərlərində 20 minə yaxın insanı bir araya gətirib
Hər zaman maraqlı təşəbbüsləri və layihələri ilə fərqlənən Azərbaycanın ilk 4G xidməti təminatçısı “Azercell Telekom” MMC-nin respublikamızın şimal bölgəsinə təşkil olunan səfəri uğurla baş tutub. “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsi çərçivəsində Quba, Xaçmaz və Qusarda 20 minədək insanı bir araya toplayan ölkənin telekommunikasiya sahəsinin lideri “Azercell” həm əyləncəli, maarifləndirici, həm də sosial tədbirləri bir səfərdə cəmləyib. Şirkət tərəfindən bölgə sakinlərinə yenilənmiş rəqəmsal məhsullar, mobil cihazların texniki imkanları vasitəsilə xidmətlərin əlçatanlığı nümayiş olunub. Tədbir iştirakçıları virtual reallıq oyunlarında öz güclərini sınayıb, intellektual və əyləncəli oyunlara, müsabiqələrə qatılıb, hədiyyələr qazanıb.
Eyni zamanda, bölgələrə təşkil olunan səfərlərə “Azercell”in “Mobil Diş” və “Mobil Göz” klinikaları da qoşulub. Avqustun 3-də Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində “Azercell”in mobil klinikaları 30-dək uşağı müayinə edib. “Azercell” tərəfindən internat məktəbinin şagirdlərinə məktəb ləvazimatları hədiyyə olunub. Daha sonra klinikalar Qubanın mərkəzində aztəminatlı ailələri və ahılları da müayinədən keçirib. Məlumat üçün bildirək ki, yarandığı andan “Azercell”in “Mobil Göz Klinikası”nın xidmətlərindən 6500-dən çox, “Mobil Diş Klinikası”nın xidmətlərindən isə 4000-dən çox şəxs yararlanıb.
Fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan “Azercell”in ölkənin texnologiyalar aləminə inteqrasiyasını sürətləndirmək üçün ölkəboyu 4G şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsinə son yarım ildə yatırdığı sərmayənin məbləği 63 milyon manata çatıb. Ümumilikdə Bakı və Abşeron da daxil olmaqla, ölkənin 57 bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir. Təkcə Quba, Qusar və Xaçmaz bölgəsində 70-ə yaxın LTE stansiyası əhalini yüksək-sürətli internetlə təmin etməkdədir. Son yarımildə şirkət əhali əhatəsi dairəsində 86,2 faiz, coğrafi ərazi əhatə dairəsində isə 61,4 faiz yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49,6 faiz, LTE yükləmə və ötürmə sürətində isə 16 faizədək artım qeydə alınıb. Məlumat üçün bildirək ki, müasir dövrdə istifadəçilərin artan tələblərini qarşılamaq və yeni bağlantı erasına ölkəni hazır etmək şirkətin prioritet sahələrindəndir.
Avqust ayında “Azercell”in Rəqəmsal Dünyasını öz bölgənizdə gözləyin.
Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.