Site icon Frame.az

“AzerGold” Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş interaktiv tədbir keçirib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda maarifləndirici tədbir keçirilib.

QSC-dən bildirilib ki, mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə icra edilməsi sahəsində maarifləndirmə məqsədilə təşkil edilən tədbir interaktiv formatda olmaqla nəzəri və praktiki hissələrdən ibarət olub.

Tədbirin videobağlantı vasitəsilə təşkil edilən 1-ci hissəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Daşkəsən Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən Rayon Yanğından Mühafizə Hissə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Daşkəsən rayon bölməsi, yerli icra nümayəndəlikləri və bələdiyyə nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən İdarə Heyətinin sədri Z.İbrahimov qeyd edib ki, “AzerGold” QSC Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin yürütdüyü iqtisadi siyasətə uyğun olaraq dağ-mədən sənayesinin dayanıqlı və dinamik inkişafı, ümumilikdə qeyri-neft-qaz sektorunun tərəqqisi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Həmçinin səhmdar cəmiyyət ölkə rəhbərliyinin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını, yerli və beynəlxalq qanunvericiliyin tələblərini, bu istiqamətdə Azərbaycan üzv olduğu beynəlxalq konvensiyaları rəhbər tutaraq, fəaliyyətini sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı norma və prinsiplərə uyğun həyata keçirir. Z.İbrahimov bu xüsusda dövlətimizin başçısı tərəfindən “AzerGold” QSC-nin adının ölkəmizdə fəaliyyət göstərən nümunəvi şirkətlər sırasında qeyd olunmasının qürurverici olmaqla səhmdar cəmiyyətin fəaliyyətinə verilən ən yüksək qiymət kimi xarakterizə edib. İdarə Heyətinin sədri ölkə rəhbərliyinin göstərdiyi etimadı daim doğrultmaq üçün çalışdıqlarını, səhmdar cəmiyyətin öz üzərində daha çox məsuliyyət hiss etdiyini diqqətə çatdırıb.

Z.İbrahimov bildirib ki, səhmdar cəmiyyət ətraf mühitin mühafizəsi, sağlamlığın qorunması, əməyin mühafizəsi, sosial təsir və məsuliyyət, eləcə də digər istiqamətlərdə öz daxili siyasətlərini formalaşdıraraq, ardıcıl və sistemli tədbirlərini davam etdirir, mədənçilik sənayesində rəqəmsal həllər və innovasiya ekosistemlərinin inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. Bu xüsusda səhmdar cəmiyyət üçün mülki müdafiə fəaliyyətinin təşkilinin də ciddi əhəmiyyət kəsb etdiyini qeyd edən İdarə Heyətinin sədri ötən dövrlər ərzində sözügedən sahədə həyata keçirilmiş sistemli işlərin nəticəsində istehsalat fəaliyyətinin tam xəsarətsiz davam etdirilməsinin təmin edildiyini, bu günədək səhmdar cəmiyyət və törəmə şirkətlərində xəsarətsiz ötüşən iş saatlarının ümumilikdə 5,8 milyon saatı ötdüyünü vurğulayıb. İdarə Heyətinin sədri hesab edir ki, mülki müdafiə sahəsində interaktiv tədbirlərin mütəmadi olaraq təşkili iş yerlərində əməkdaşların məlumatlılıq səviyyəsinin daha da artırılması, mövcud biliklərin təkrar praktiki məşğələ ilə möhkəmləndirilməsi, həmçinin mülki müdafiə sahəsində risklərin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.

Tədbirin ikinci hissəsində isə ÇİRES-də işçi heyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə edilən mülki müdafiə, yanğından mühafizə və digər texniki təhlükəsizlik vasitələri nümayiş etdirilib, təlim-məşq toplantısı çərçivəsində yanğın və qəza-xilasetmə işlərinin aparılması sahəsində texniki təhlükəsizlik qaydalarına dair təlim keçirilib, yanğının söndürülməsi və təxliyə prosesinin simulyasiyası təşkil edilib.

Tədbirdə iştirak edən müvafiq qurum və təşkilatların nümayəndələri QSC tərəfindən mülki müdafiə işinin müasir tələblər səviyyəsində qurulmasına diqqət yetirərək, əməkdaşların təhlükəsiz iş şəraiti ilə təmin edilməsi, fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.

 

Exit mobile version