IqtisadiyyatTurizmTəqdimat

“AzerGold” yeni qızıl məhsullarını alıcılara təqdim edib

“AzerGold” QSC tərəfindən yeni növ qızıl məhsulları satışa çıxarılıb. Belə ki, çəkisi 5,10, 20, 500, 1000 qram və 1, 10 unsiya olan qızıl külçələr kolleksiyasına alıcıların tələbatı nəzərə alınmaqla ilk dəfə olaraq 2, 50 və 100 qram çəkilərdə qızıl külçələr əlavə edilib.

QSC-dən Frame.az-a bildirilib ki, yeni növ məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində qızılın dünya birjasındakı cari qiymətinə uyğun və istehsal xərclərini əhatə edən minimal marja ilə satışa çıxarılıb. Məhsullar, həmçinin onlayn satış platforması “www.azergold.gift” vasitəsilə alıcılara təqdim edilib. Əlavə olaraq, məhsulların mərkəzdə qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı – mübadiləsi də təmin olunur. Beləliklə, alıcıların təkcə dəyərli hədiyyə deyil, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən investisiya aləti qismində seçim imkanları daha da genişləndirilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün hazırlanan ilk məhsullar 2018-ci ildə istehsal edilib. 3 müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunmaqla Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib. 2021-ci ildə Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı Qələbəyə həsr olunan “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin qalib layihələri əsasında isə daha iki dizaynda – 5, 10, 20 qramlıq çəkilərdə “Şuşa” və “Qarabağ” qızıl sikkə kolleksiyaları istehsal edilərək satışa çıxarılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!