Bəsti Bağırova küçəsində yenidənqurma işləri yekunlaşmaq üzrədir
Bakı şəhərində küçə parklanma yerlərinin idarə edilməsinə dair pilot layihənin əhatə etdiyi Bəsti Bağırova küçəsində yenidənqurma işləri yekunlaşmaq üzrədir. 450 metr uzunluğundakı küçə müasir şəhərsalma qaydalarına uyğun piyadayönümlülüyün artırılması prinsipləri əsasında təmir edilib.
Ərazidə asfaltlanma və nişanlanma xətlərinin çəkilməsi yekunlaşıb. Hazırda yol hərəkətinin təşkili üçün zəruri olan çatışmayan yol nişanlarının quraşdırılması və səkilərdə tamamlanma işləri davam edir. Piyada təhlükəsizliyi məqsədilə sarı döyünən işıqlar quraşdırılır.
Küçədə 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil edilib. Xüsusi qabarıq formalı piyada keçidləri ümumi hərəkətin təhlükəsizliyi baxımından əhəmiyyətlidir. İdeal səviyyəyə gətirilən bu küçə boyunca piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkəti tam təmin edilib.
Yaşayış binalarından başqa, 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat tələbatı nəzərə alınmaqla, 138 avtomobil üçün parklanma yeri təşkil edilib. Parklanma yerlərində əlilliyi olan şəxslər üçün də yerlər ayrılıb. Gələcəkdə bu küçədə parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcək. Küçə boyunca taksi duracaqları da yaradılıb.
Məlumat üçün qeyd edək ki, Bəsti Bağırova küçəsinin əvvəlki vəziyyəti heç də ürəkaçan deyildi. Burada piyada səkilərinin davamsızlığı və ümumilikdə, yol infrastrukturunun vəziyyəti ərazini sürücülər və piyadalar üçün keçilməz edirdi.
Yenidənqurma işləri 3 ay davam edib. İlkin mərhələdə kommunikasiya işləri görülüb ki, bu da işə əsaslı yanaşmanın təzahürüdür.
Bu küçənin müasir tələblərə və yüksək standartlara uyğunlaşdırılması prosesi bitdikdən sonra həm sürücülər, həm də piyadaların layihədən məmnun qalacağından əminik.