IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanılıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupundan verilən məlumata görə, yenidən qurulan Bərdə-Ağdam dəmir yolunda Köçərli və Təzəkənd stansiyalarının inzibati binası və sərnişin platformasının tikintisinə başlanılıb.

Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən Bərdə-Ağdam dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinə 2020-ci ilin dekabr ayının əvvəlində start verilib.

Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində dörd ədəd stansiyanın, üç ədəd körpünün, bir ədəd yolötürücünün, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin və ümumilikdə 127 ədəd süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

Tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə 20,78 km, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə 26,32 km təşkil edir.

Birinci mərhələ üzrə dəmir yolu xəttinin torpaq yatağının tikintisi işlərinə 2020-ci ilin dekabr ayında, süni qurğuların tikintisinə 2021-ci ilin fevral ayında, yolun üst quruluşu elementlərinin tikintisinə isə 2021-ci ilin avqust ayında başlanılıb.

Artıq birinci mərhələ üzrə torpaq işləri 98 faiz həcmində yerinə yetirilib, həmçinin 35 ədəd suötürücü boru, iki ədəd körpü, səkkiz ədəd ehtiyat keçidi tam tikilib. 16,8 km dəmir yolunun üst quruluşu elementləri və 18 ədəd yoldəyişdirən qurğu quraşdırılıb. Köçərli və Təzəkənd stansiyalarının inşası da birinci mərhələ çərçivəsində aparılır. Ümumilikdə birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 65 faiz yerinə yetirilib.

İkinci mərhələ üzrə dəmir yolu xətti minalandığından tikinti-quraşdırma işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir.

Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!