Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə BAKI 2017 kub yarışları keçirilmişdir.
Yarışların ilk mərhələsi 8 yanvar 2017-ci ildə Qafqaz Universitetində, (Baku Open 2017) ikinci yarış mərhələsi isə 29 yanvar Bakı Ali Neft Məktəbində (Baku Winter 2017) keçirilmişdir.
Hikmət Mürsəlzadənin rəhbərliyi ilə keçirilən kub yarışlarının məqsədi daha çox gəncin iştirakı və daha çox əyləncənin olması ilə yarışların keçirilməsinə nail olmaq idi. Bu məqsədlə də hələ yarışdan bir müddət əvvəl 8 yanvar tarixində ölkənin zəkalı gəncləri ilə Qafqaz universitetində yarış öncəsi görüş təşkil edilmişdi. Görüş zamanı yeni və həvəsli olan kubçulara yarış qaydaları izah olunmuş və yarış avadanlıqları ilə necə məşq ediləcəyi öyrədilmişdi. Çünki bu cür zəka oyunlarının əsası kubçuların birlikdə dost mühitdə əylənməsi və bir-birinə kömək eləməsinə dayanırdı.
Təqvim artıq 8 yanvarı göstərdikdə yarışların keçiriləcəyi məkan masaları, yarış avadanlıqları, hədiyyələri, sertifikatları, bütün təşkilati heyəti: hakimləri, qarışdırmaçıları, ekspert və skor tutucuları ilə yarışa hazır vəziyyətdə idi. Belə ki, yarışlardan öncə skor tutucular (nəticə yazanlar) nəticələrin http://test.cubecomps.com/ beynəlxalq kub saytında yerləşdiriləcəyini, Danimarka ənənəsinin keçərli olacağını və mükafatlandırmanın 3x3x3 kub dərəcələrinə uyğun şəkildə ediləcəcəyini elan etmişdilər.
Bilməyənlər üçün qeyd edək ki, Danimarka ənənəsi rəsmi nəticəsində üç sıfır olduqda həmin iştirakçıya şokolad verilməsi ilə əlaqəlidir.
Dərəcə deyildikdə isə A, B və C dərəcələri nəzərdə tutulur: C dərəcəsi=Ortalaması 45 saniyədən yuxarı; B dərəcəsi=Ortalaması 20-45 saniyə; A dərəcəsi=Ortalaması 20 saniyədən az olan iştirakçıları ehtiva edir. Belə olduqda həm ən yaxşı iştirakçılar mükafatsız qalmır, həm də digər iştirakçılar da həvəslənmiş olur.
Yarışların ilk mərhələsi sayılan `Baku Open 2017`, BAKI 2017 kub yarışlarının layihə rəhbəri Hikmət Mürsəlzadənin çıxışı ilə başlayıb. O, öz nitqində yarışların ərsəyə gəlməsində iştirak etmiş bütün şəxs və qurumlara minnətdarlığını bildirib və yarışmaçıları WCA Qaydaları ilə məlumatlandırıb. Qeyd edək ki, Dünya Kub Assosiasiyası Qaydaları dilimizə ilk dəfə olaraq da elə Hikmət Mürsəlzadə tərəfindən tərcümə olunmuşdur.
Qeydiyyatı təsdiq etmə prosesi tamamlandıqdan sonra iştirakçılar ardıcıl olaraq sküb, piraminks, 2x2x2 kub və 3x3x3 klassik Rubik kubu kateqoriyalarında yarışıblar.
Yarışa Rəvan Ağalarzadə, Cahan Yusifli, Mənzər Seyidəmirova, Aişə Aslanova, Orxan Quliyev və Rüstəm İsrafilov hakimlik edib, xüsusi ekspert olaraq isə Azərbaycan Kub Assosiasiyasının rəhbəri Seymur Quliyev dəvət olunub. Yarışın foto və video çəkilişləri isə istedadlı fotoqraf Orxan Məmmədovun zəhməti nəticəsində ərsəyə gəlib.
Sküb yarışında 4 iştirakçı, piraminks yarışında 10 iştirakçı, 2x2x2 kub yarışında isə 7 iştirakçının yarışması ilə BAKI 2017 kub yarışlarının birinci mərhələsinə yekun vurulub.
Yarışların digər mərhələsi olan `Bakı Qış 2017` yarışı isə 29 yanvar tarixində Bakı Ali Neft Məktəbində keçirilmişdir. Bakı Ali Neft Məktəbi Tələbə Həmkarlar İttifaqı Komitəsinin əməkdaşlığı ilə keçirilən bu yarışda isə yarışmaçılar öz məharətlərini 3x3x3 Rubik kubu təkəl, 4x4x4 kub, meqaminks və 3x3x3 Rubik kubu kateqoriyalarında sınayıblar.
Bakı Qış 2017 yarışı Rəvan Ağalarzadə, Rahim Məmmədli, Neman Qasımzadə və Rauf Mahmudzadənin hakimliyi ilə idarə olunmuşdur. Adı çəkilən nümayəndələrin hakimlik etdiyi yarışın 3x3x3 təkəl kateqoriyasının qalibi Çingiz Əsədzadə, ikinci yerin sahibi Süleyman Xəlilov, uyğun olaraq üçüncü və dördüncü yerlərin sahibi isə Fərid Həsənov və Əziz Vəlili olmuşdur.
Ölkənin ilk qadın rekordçusu olan Arzu Cəbrayılova meqaminks kateqoriyasında rekord nəticə göstərərək qadınların da kub və pazllarda məharətli olmasını bir daha sübut edib.
4x4x4 kub kateqoriyasının qalibi 1:23.44 göstərici ilə Süleyman Xəlilov, ikinci yerin sahibi 2:03.72 göstərici ilə Əziz Vəlili, üçüncü yerin sahibi isə 2:54.31 saniyə göstərici ilə Fərid Həsənov olmuşdur.
Ən son olaraq yenə ən çox iştirakçının qatılmağı ilə diqqət çəkən 3x3x3 klassik Rubik kubu kateqoriyası, BAKI 2017 kub yarışlarının ikinci mərhələsinin ən diqqət çəkən kateqoriyalarından olub. Bu kateqoriyanın qalibi 13.36 saniyə göstərici ilə Süleyman Xəlilov, ikinci yerin sahibi isə Çingiz Əsədzadə olmuşdur. Qeyd edək ki, o, Süleyman Xəlilovdan sadəcə dörd saniyə geri qalmış və 17.57 saniyə ilə ikinci yerin sahibi olmuşdur.
B dərəcəsinin qalibi isə 21.78 saniyə göstərici ilə Emil Məmmədəliyev olmuşdur. B dərəcəsi ikinci və üçüncü yerlərin sahibi uyğun olaraq Əziz Vəlili və Ağakərim Həmidzadə olmuşdur.
C dərəcəsində isə Simuzər Babazadə qalib olmuş, Sahib Abdullayev isə ikinci yer ilə kifayətlənmişdir. Sözü gedən kateqoriyada üçüncü və dördüncü yerlərin sahibi uyğun olaraq Elnur Şıxverdiyev və Səkinə Aydınova olmuşdur. Zəka yarışlarında zərif cins nümayəndələrinin iştirakı və gözəl nəticələri ilə yadda qalmaları çox sevindirici haldır.
Yarışlar Qaliblər Mərasimi ilə yekunlaşıb. Yarışa qatılan iştirakçıların hər biri rəsmi sertifikatlarla təltif olunub və nəticələr Beynəlxalq Kub Yarışı qurumu olan Cubecomps`un rəsmi saytında yerləşdirilib.
Belə ki, hər kəs iştirak sertifikatı ilə təltif olunub. Qaliblər isə dərəcəsinə uyğun qalibiyyət sertifikatı və digər hədiyyələr alıblar. A, B və C dərəcələrində yarışan yarışmaçılar ayrıca mükafatlandırılıb. 3x3x3 kateqoriyası C dərəcəsinin qalibi Rüstəm İsmayılov qalibiyyət sertifikatından əlavə olaraq üzərində Azərbaycan Kub Assosiasiyasının qurucusu Hikmət Mürsəlzadənin, ACA Əsas Heyət üzvü və İKİQAT Azərbaycan çempionu Mahir İsrafilovun, Azərbaycan Kub Assosiasiyasının yeni rəhbəri Seymur Quliyevin və istedadlı dizayneri Xanım Cəfərzadənin imzaları olan 2x2x2 profesional yarış kubu ilə; 3x3x3 kateqoriyası B dərəcəsinin qalibi Əziz Vəlili YuXin 4x4x4 profesional yarış kubu ilə; A dərəcəsinin qalibi Cavid Nəbizadə isə yarış öncəsi məşq edə bilməsi üçün YuXin Timer – xüsusi avadanlığı ilə təltif olunub.
Uyğun olaraq, A dərəcəsi – 15.68 saniyə ortalama, B dərəcəsi – 21.11 saniyə ortalama, C dərəcəsi – 45.44 dərəcə ortalama nəticəsi ilə yadda qalıb.
Qeyd edək ki, Cavid Nəbizadə həm də 2x2x2 kub (4.70) və sküb (6.21) kateqoriyalarında da qalib gəlib və ona Dünya Kub Assosiasiyası Qaydalar kitabının dilimizə tərcümə olunmuş nüsxəsi hədiyyə olunub. Dünya Kub Assosiasiyası Qaydalar kitabının dilimizə tərcümə olunmuş digər bir nüsxəsi isə piraminks kateqoriyasının qalibi Süleyman Xəlilova hədiyyə edilib. O, 8.13 saniyəlik ortalama nəticə göstərərək Cavid Nəbizadə və Əziz Vəlilini qabaqlamış, adları çəkilən yarışmaçılar isə uyğun olaraq ikinci və üçüncü yerlərə çıxmışdır.
Digər kateqoriyalardan 2x2x2 kateqoriyasında ilk üçlüyə çıxanlar arasında Hüseyn Bayramov 8.98 saniyə ortalama, sküb kateqoriyasında isə Rüstəm İsrafilov 13.49 saniyə ən yaxşı nəticə ilə diqqət çəkib və üçüncülük qazanıb.
Zərif cinsin nümayəndələri arasında BAKI 2017 kub yarışlarının qadın iştirakçılardan rekord sahibi olan Simuzər Babazadə 3x3x3 kub kateqoriyasında 42 saniyə ən yaxşı nəticə ilə ölkənin ilk qadın rekordçusu 1:11.54 saniyə göstərici göstərmiş Arzu Cəbrayılovanın rekordunu yeniləyib.
Qaliblər mərasimində bütün iştirakçılar sertifikatlarla təltif olunmuş, qaliblər qalibiyyət sertifikatı ilə hədiyyələndirilmişdir. Layihə rəhbərinin Bakı Ali Neft Məktəbi və Gənclər Fonduna, gəlmiş bütün iştirakçı və qonaqlara minnətdarlığını bildirməsinin ardından yarışmaçı və təşkilatçılar birlikdə xatirə şəkli çəkdirmişdir.
BAKI 2017 kub yarışları ümumilikdə bol əyləncəsi və ölkə rekordlarının yenilənməsi ilə yadda qalıb. Diqqətə layiq əsas məqamlardan biri də 4 rekord Cavid Nəbizadə, 1 rekord sahibi Süleyman Xəlilovun və Çingiz Əsədzadənin Mahir İsrafilovdan sonra öz adlarını İKİQAT Azərbaycan rekordçuları sırasına yazdıra bilmələri və bu cür zəka oyunlarının davamlılığı üçün zəmin yaratmaları olub. Frame.az