İyunun 1-i “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya hərəkatının yaranmasının 125 illik yubileyi münasibətilə “Baki 2019″ Əməliyyat Komitəsi və Milli Olimpiya komitəsinin təşkilatçılığı, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə tədbir təşkil edilib.
Bu tarix Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf etdiyindən Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi tədbiri qeyd etmək məqsədiylə Festivalın irsi çərçivəsində həyata keçirilən Olimpiya Mədəniyyəti və Təhsil Proqramında iştirak edən 500 məktəblini idmançıların qalacağı “Atletlər kəndi”nə dəvət edib.
Gənclər və İdman naziri Azad Rəhimov yarışa hazırlığın plana uyğun getdiyini qeyd edərək deyib: “Bu günkü tədbirdə uşaqların iştirakı çox vacib amildir, çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini qarşımıza məqsəd qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə öz çıxışında müasir Olimpiya hərəkatının 125 illik yubileyinin Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması tədbiri ilə birgə qeyd olunmasının əhəmiyyətdən danışdı. Onun sözlərinə görə dostluğu, qarşılıqlı hörməti, sülhü və mükəməlliyi özundə ehtiva edən Olimpizm daha geniş mənaya və məzmuna malikdir. Məhz bu səbəbdən Bakı şəhərində keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Avropa Gənclər Yay Olimpiya Festivalı və onun irsi çərçivəsində həyata keçirilən Olimpiya Mədəniyyəti və Təhsil Proqramının məktəblilər üçün əhəmiyyətindən söz açıb. Nazir müavinin sözlərinə görə bu kimi beynəlxalq proqramlar məktəblilərin hərtərəfli inkişafı, xüsusilə onların dünya görüşünü formalaşmasında misilsiz rola malikdir.
Tədbirdə “Zirvələrə doğru” idman kampaniyasına start verildi. Kampaniya çərçivəsində 13 və 16 yaş arası hər kəs özünü idmanın beş növü – basketbol, velosiped idmanı, atletika, tennis və üzgüçülük üzrə sınaya biləcək. Beş həftə ərzində, federasiyaların hər biri bütün iştirakçılar üçün açıq qapı günləri elan edəcək.
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovun qeyd etdiyi kimi, kampaniyanın təşkilatçıları uşaq və yeniyetmələrin idmana maraq göstərməsini, idmanın fərqli növlərinin inkişaf etməsi və yayılmasını, uşaq və yeniyetmələrin sağlamlığının və idmançılar ilə dost münasibətlərinin möhkəmlənməsini qarşılarına məqsəd qoyublar.
Ən yaxşı nəticə göstərən uşaqlar, XV “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək və festivalı yaxından izləmək imkanını qazanacaqlar. Onlar professional idmançılar ilə canlı ünsiyyət qurmaq, onlarla məşq etmək, idmançılar isə öz növbələrində tədbirin gənc iştirakçıları ilə təcrübələrini və dəyərlərini bölüşmək imkanını əldə edəcəklər.
“İdmanı sevən bütün uşaqları bu turnirə dəvət edirik. Onlar burada idmançılar, məşqçilərlə şəxsən tanış ola və onlardan çox vacib məsləhətlər ala biləcəklər. Bir uşaq bol enerji, böyük arzu və gücə sahib olduğu bir dövrdə böyüklərin təlimatı çox təsirli ola bilər”, – deyə Elçin Səfərov bildirib.
Tədbirdə Atletika, Basketbol, Tennis, Üzgüçülük və Velosiped İdman Federasiyaları öz idman növlərini interaktiv formada təqdim edib, maraqlı faktlar haqda danışıb və daha sonra iştirakçıların hər birinə öz güclərini sınamaq imkanını vermişdir.
Tədbirin davamı olaraq müasir Olimpiya hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 125 illik yubileyi ilə əlaqədar Atletlər kəndində kütləvi qaçış təşkil edilmişdir. 49 təhsil müəssisəsini təmsil edən Avropa Gənclər Olimpiya Festivalının layihəsi olan “Olimpiya Mədəniyyəti və Təhsil Proqramında” iştirak edən 500 məktəbli 1 km-dən az məsafədə yerləşən finiş xəttini ilk keçmək uğrunda yarışmışdırlar.
Yarışın sonunda iştirakçı və qaliblər Milli Olimpiya Komitəsinin hədiyyə və diplomları ilə təltif olunmuşdur. Təltif mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov iştirak etmişdir.
Eyni zamanda, Olimpiya Mədəniyyəti və Təhsil Proqramının iştirakçıları olan məktəblilərin Atletlər Kəndində ekskursiyası baş tutub. Uşaqlar Festival zamanı Atletlər kəndində yerləşəcək idmançıların yaşayış, əyləncə və idman zonaları ilə yaxından tanış olublar.
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Frame.az