IdmanTəqdimatƏn Son

BAKI-2019: İLK YARIŞ GÜNÜNÜ AZƏRBAYCAN LİDER TAMAMLADI

Bakıda təşkil edilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında ilk yarış gününə yekun vurulub. Startda mübarizə meydanına yalnız güləşçilər və tennisçilər çıxıblar.

Güləşdə həm sərbəst, həm də yunan-Roma növündə 45 və 55 kq çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.

45 kq-da sərbəst güləşçilər arasında Azərbaycan pəhləvanı Murad Haqverdiyev çempion olub. Finalda uduzan Gürcüstan idmançısı Nikolozi Santeladze gümüş medala yiyələnib. İştirakçıların sayı az olduğundan bu çəkidə bürünc medal 2 deyil, yalnız 1 idmançıya verilib – bu, rusiyalı Eldar Asakayevdir.

Yunan-Roma növündə də 45 kq çəkidə festival çempionu adını Azərbaycan təmsilçisi qazanıb – Fərid Sadıqlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medala Türkiyə idmançısı Umut Çoban, bürüncə isə Maksim Gurov (Rusiya) və Kaspars Bondorenko (Latviya) yiyələniblər.

55 kq çəkidə sərbəst güləşçilərin mübarizəsi italiyalı Vinçenzo Piroddunun qələbəsi ilə başa çatıb. O, finalda azərbaycanlı Əbülfəz Nəsirova qalib gəlib. Bürünc mükafatçılara isə Maqomed-Emi Eltemirov (Rusiya) və Benedek Kiss (Macarıstan) sahib olublar.

Yunan-Roma güləşçilərin analoji çəkidə yarışında isə Belarus pəhləvanı Hleb Makaranka fərqlənib. Gümüş medala gürcüstanlı Romeo Beridze və rusiyalı Danil Qriqoryev yiyələniblər.

Tennisdə isə fərdi yarışlarda təsnifat mərhələsinin görüşləri keçirilib.

İlk mübarizə gününün yekununda Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 1 bürünc medalla liderdir. Təşkilatçı ölkəni hesabında hərəyə 1 çempionuğu olan Belarus və İtaliya idmançıları təqib edirlər. Gürcüstan 2 gümüşlə 4-cü, Türkiyə 1 gümüşlə 5-ci pillədədir. 4 dəfə 3-cü nəticə göstərmiş Rusiya atletləri sıralamada 6-cı yerdədir, hərəyə 1 bürünc medal əldə etmiş Latviya və Macarıstan isə 7-8-ci mövqeləri bölüşürlər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!