Bakı Dəmiryol Vağzalında 3 dekabr- Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar rəsm sərgisi keçirilib. 1-3 dekabr tarixlərində baş tutan “Qarabağ rəngli dünyamızda” adlı rəsm sərgisində uşaq və gənc olmaqla 19 sağlamlıq imkanları məhdud şəxsin rəsmləri nümayiş olunub.
Sərgi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) təşkilatçılığı, eləcə də “Azərbaycana Birgə Yardım” Təşkilatı (UAFA) və “Bacarıqlı Əllər” İctimai Birliyinin birgə dəstəyi çərçivəsində baş tutub.
Ölkəmizdə bu qəbildən həssas kateqoriyaya aid şəxslərin sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlər ildən-ilə güclənir, genişlənir. Eləcə də onların cəmiyyətə inteqrasiyası dövlət siyasətinin beynəlxalq yanaşmalara, xüsusilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulub.
Sərginin təşkilində məqsəd də ADY-nin sosial məsuliyyət tədbirləri çərçivəsində fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, cəmiyyətin bu kateqoriyadan insanlara diqqət və qayğısının artırılmasına töhfə verməkdir.
Üç gün davam edən sərgidə 30 əl işi nümunəsinin vağzalda satışına şərait yaradılıb. Sərginin sonunda yaradıcı əməyin stimullaşdırılması məqsədilə iştirakçılara Cəmiyyət adından təşəkkürnamələr təqdim olunub.