Bakı Dövlət Sirki yaz mövsümündə “DZİVA” sirk şousunun nümayişinə start verib.
Bu barədə məlumat verən Bakı Dövlət Sirkinin direktor əvəzedicisi Nahid Ağayev proqramın əvvəlcə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunacağını bildirib.
Diqqətə çatdırılıb ki, şounun təşkilatçısı Monte-Karloda keçirilən beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilovdur. Proqramda Monte-Karlo festivalının iştirakçıları, eləcə də “Cirque du Soleil”in (Dü Sale) səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edirlər. Şounu Parisdə keçirilən sirk festivalında bürünc medal qazanan janqlyor Pavel Rujilo, kloun sənətinin tanınmış simaları – Oleq fon Suvorov və Andrey Jiqalovun məşhur duetləri, tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılovun şir və pələnglərinin unikal çıxışları bənzərsiz edir. Bundan başqa, uçuş gimnastlarının kollektiv qeyri adi-fəndləri, təşkilatçı Allahverdi İsrafilovun məhz bu proqram üçün hazırladığı “Inna&Darya” duet nömrəsi də şouya xüsusi maraq qatır.
Proqramda Bakı Dövlət Sirkinin artisti Günay Nuriyevanın “Kauçuk qız” adlı nömrəsinin də xüsusi maraqla qarşılanacağı bildirilib.
Qeyd edək ki, yeni yaz proqramı martın 4-dən aprelin 30-na kimi həftənin şənbə və bazar günləri tamaşaçıların ixtiyarında olacaq.