Site icon Frame.az

Bakı Konqresi rekord göstəricilərlə yadda qaldı – 5400-dən çox nümayəndə, 3600 elmi məqalə

74-cü Beynəlxalq Astronavtika Konqresinin qızğın müzakirə platforması olacağını, qlobal miqyasda maraq doğuracağını təxmin etmək çətin deyildi. Hələ hazırlıq dövründə əldə olunan rekord göstəricilər bunu proqnozlaşdırmağa imkan verirdi. Bakı Konqresində 132 ölkədən 5404 nümayəndə iştirak edib. “IAC” tarixində ilk dəfə idi ki, tədbirə bu sayda – 132 dövlətdən təmsilçi qoşulmuşdu. Ən böyük nümayəndə heyətləri Hindistan, ABŞ, Çin və Türkiyədən gəlmişdi. Özbəkistan, Türkmənistan və Qazaxıstan isə konqresdə ilk dəfə qatılmışdı.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bakı Konqresinə 95 ölkədən 3600 elmi məqalə təqdim edilmişdi. Bu, “IAC” tarixində ölkə sayı ilə bağlı rekord rəqəm idi. Həmin məqalələrdən 2311-i konqresə qəbul edilmişdi. Həmçinin Azərbaycan da bu il həmin istiqamətdə ilkə imza atıb. Tədbirə rekord sayda – 214 məqalə ilə qoşulub. Azərbaycan ən çox elmi məqalə təqdim edən ölkələr siyahısında ABŞ, İtaliya, Hindistan və Çindən sonra beşinci yerdə qərarlaşıb.

Bakı Konqresi, həmçinin əldə edilmiş sponsorluq paketlərinin sayına görə rekord göstərici qazanıb. 22 şirkət tədbirə sponsorluq paketi alıb. Bu, son beş ölkədə – Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilmiş konqreslərlə müqayisədə ən yüksək göstərici idi.

 

Exit mobile version