Bakı Şəhər Halqası 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verir!

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ölkə ictimaiyyətinə bildirir ki, 10-12 iyun 2022-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına fevral ayının 22-dən etibarən start verilir.

Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azərkeşlərə bir günlük ayaqüstü zonada 90 – 160 AZN, üç günlük tribuna biletləri 280 – 970 AZN, uşaqlar üçün (16 yaşadək) isə 190 – 690 AZN aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.

Qeyd edək ki, 2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış Formula 1 Azərbaycan Qran Prisi zamanı alınmış biletlər hazırki 2022-ci il Azərbaycan Qran Prisi üçün keçərli olacaq.

Bu ilki  yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq.

Tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb ediləcək.

BŞH-nın icraçı direktoru Arif Rəhimov unudulmaz yarış həyəcanını yenidən yaşamaq istəyən hər kəsi bilet almağa dəvət edir: “Bakıda altıncı dəfə baş tutacaq Formula 1 yarışlarına biletlərin satışa çıxarıldığını elan etməyə şadıq. Ötən il tamaşaçısızkeçirilməsinə baxmayaraq, gərgin mübarizə və gözlənilməz nəticə ilə yekunlaşan yarışı böyük auditoriya kütləsi izləmişdi. Bu il baş tutacaq yarışların daha da maraqlı olacağına əminik. Bu il konsert proqramı nəzərdə tutulmasa da çalışacağıq ki, bu möhtəşəm yarışı Bakıda canlı izləmək istəyən hər kəs üçün fərqli əyləncə imkanları təqdim edək. Bütün Formula 1 azərkeşlərini tezliklə satışa çıxarılacaq biletləri əldə etməyə dəvət edirik”.

2022  Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı Bakı Şəhər Halqasının rəsmi saytından əldə edə bilərlər: www.bakucitycircuit.com

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: