Baku City CircuitFormula 1Idman

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəhbərliyində dəyişiklik edilib

Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı – “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyində dəyişiklik edilib. Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub. Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.

Əməliyyat şirkətindən bildiriblər ki, ölkəmizdə bir sıra mötəbər idman tədbirlərinin təşkilində zəngin təcrübəyə malik olan M.Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunmaqla bu təcrübəni özü ilə BŞH-yə gətirir. M.Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb, “Bakı-2015” birinci Avropa Oyunları və “Bakı-2017” dördüncü İslam Həmrəyliyi Oyunlarına, eləcə də, 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin təşkilat komitəsində fəal iştirak etməklə bu kimi irimiqyaslı idman tədbirlərinə öz töhfəsini verib. O, həmçinin Gənclər və İdman Nazirliyinin müxtəlif dövlət əhəmiyyətli layihələrində yaxından iştirak edib.

“Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram”, – deyə Arif Rəhimov deyib.

Xatırladaq ki, növbəti yarış təqvimində Formula 1 Azərbaycan Qran-Prisi dünya çempionatının beşinci mərhələsi olacaq və aprelin 28-30-da keçiriləcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!