Site icon Frame.az

Bakı Şəhər Halqasının əməkdaşı FIA-nın Baş Assambleyasında məruzə ilə çıxış edib

Formula 1 Azərbaycan Qran-Prisinin tibb idarəsinin direktor müavini Vaqif Nəbiyevin beynəlxalq forumda məruzəsi Beynəlxalq Avtomobil Federasiyasının (FIA) saytında yerləşdiriləcək.

Frame.az xəbər verir ki, Sankt-Peterburqda Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyası keçirilib. Assambleyada dünya avtomobil idmanı siyasətinə dair mühüm məsələlər müzakirə olunub.

Dünyanın 50 ölkəsindən 300-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə 50-dən artıq forum, seminar və görüş təşkil olunub. Tədbirlərdə FIA-nın prezidenti Jan Todt, dünyanın bir çox ölkələrinin avtomobil federasiyalarının rəhbərləri iştirak ediblər.

Assambleyanın forumlarından biri “Təbabət və avtomobil idmanı” mövzusuna həsr olunub. Forumda Formula 1 Azərbaycan Qran-Prisinin tibb idarəsinin direktor müavini Vaqif Nəbiyev “Yol qəzaları zamanı tənəffüs yollarının bərpası üsulları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə hadisə yerində ilkin tibbi yardımın göstərilməsi, yaralının tənəffüs yollarının qısa müddətdə bərpası kimi vacib məsələyə toxunulub.

Azərbaycan həkiminin məruzəsində qaldırılan məsələlər və təklif olunan üsullar Formula 1 yarışlarının ölkəmizdəki əsas təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin şöbə müdiri, avstraliyalı mütəxəssis Tom Butçer və FIA Tibbi Komissiyasının rəhbəri, professor Cerard Saylond tərəfindən yüksək qiymətləndirilib və məruzənin FIA-nın saytında yerləşdirilməsi qərara alınıb.

Exit mobile version