Faydamız OlsunTəqdimat

Bakı Şopinq Festivalı aprelin 10-dan fəaliyyətə başlayacaq

Ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox ölkələrdə maraq yaranıb. Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən Azərbaycana turist və müştəri axını gözlənilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli Sərəncamı bu sahənin inkişafında yeni mərhələ açır.

Frame.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Four seasons” otelində Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransında səsləndirib. O bildirib ki, Sərəncama əsasən həyata keçiriləcək tədbirlərdən biri də paytaxtda şopinq festivallarının təşkilidir. Bu il festival aprelin 10-dan mayın 10-dək davam edəcək.

Ə.Qarayev deyib: “Böyük ölkələrin ticarət festivalları ənənəsi hər zaman turist axınına səbəb olur. Hər ölkənin özünəməxsus xüsusiyyəti var. Dünya üzrə ticarət fəaliyyətində turizm bazarı 2-4-cü yerləri tutur. Ticarət festivalları turist axınını 30 faiz artırır. Festivalın məqsədi nəinki turistlərin axınını təşkil etməkdən ibarətdir, eyni zamanda, daxili turizmi inkişaf etdirmək məqsədi daşıyır”.

Festivalın təşkilinin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edildiyini deyən nazir vurğulayıb ki, Büro festivalın yüksək səviyyədə, səmərəli keçirilməsi üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də gərgin iş rejimində çalışır. Festivalın daha maraqlı və cəlbedici olması üçün müxtəlif lotereya oyunlarının, bonus kartlarının tətbiqi, suvenir və hədiyyə mağazalarının fəaliyyətinin təşkili planlaşdırılır. Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kinofestivallar təşkil ediləcək.

Diqqətə çatdırılıb ki, festivalın rəsmi internet saytı olan www.bakushopfest.com saytı Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində fəaliyyətə başlayıb.

Festival müddətində paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Turistlərin və əhalinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının sərəncamına Çağrı mərkəzi (Call Center) veriləcək. Azərbaycan, rus, ingilis və fars dillərində informasiya verəcək Çağrı mərkəzi hər gün saat 08:00-dan 00:30-dək fəaliyyət göstərəcək.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, festival müddətində əlavə dəyərin qaytarılması Vergilər Nazirliyinə həvalə olunub. Sahib Ələkbərov deyib: “Azərbaycanda iyul ayından etibarən milli “Tax Free” sistemi tətbiq olunub. Bizim sistem daha rahat və effektivdir. Ötən müddətdə əlavə dəyər vergisinin qaytarılması ilə bağlı 6 min 863 faktura verilib. Əməliyyatların ümumi məbləği 12 milyon manatdan çoxdur. Bu günə qədər xarici ölkə vətəndaşlarına bir milyondan çox vəsait qaytarmışıq. Ticarət festivallarında minimum məbləğ 100 manat civarında nəzərdə tutulub. 100 manatlıq və daha çox alış-veriş edən hər bir Azərbaycan vətəndaşı da əlavə dəyər vergisinin qaytarılmasından istifadə edə biləcək. Hazırda “Tax Free” sistemində 254 obyekt var. Onlar da ticarət festivalı sistemindən yararlana bilərlər. Hazırlıq işləri başa çatmaq üzrədir, vergi əməkdaşları artıq seçilib və qeydiyyat aprelin 10-dək başa çatdırılmalıdır”.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakı Şopinq Festivalının əhəmiyyətindən danışaraq bildirib ki, festival günlərində ölkəmizə turist axını daha da çoxalacaq. Festival çərçivəsində Azərbaycanın yüngül sənaye məhsullarının da realizə ediləcəyini deyən S.Həsənova ölkəmizdə qonaq olacaq xarici ölkə vətəndaşlarının bu şəraitdən yüksək səviyyədə yararlana biləcəyini söyləyib. Vurğulanıb ki, festival ticarət və nəqliyyat sahəsinə də böyük təsir göstərəcək.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fiduma Hüseynova və Azərbaycan Konqreslər Birliyinin icraçı direktoru Ülviyə Mirqasımova da festivalın ölkəmiz üçün önəmindən danışıblar.

Diqqətə çatdırılıb ki, sahibkarlar festivalın rəsmi internet saytında qeydiyyatdan keçərək, iştirakçı statusu almaqla öz məhsullarını festival zamanı paytaxtımıza gələcək minlərlə turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!