Site icon Frame.az

Bakıda akademik Vidadi Xəlilovun 75 illiyinin şərəfinə bayram gecəsi keçirilib (FOTO)

Hazırda elmi-texniki tərəqqi əsrində insanlar elmin öz həyatlarında yerini və əhəmiyyətini xüsusilə aydın dərk edirlər, buna görə də alimin cəmiyyətin inkişafında rolunun artması məntiqlidir. Alimlər istənilən ölkənin fəxri və milli sərvətidir, müasir cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsidir. Məhz alimlər intelligensiyanın önündədirlər, yüksək mənəvi-əxlaqi keyfiyyətlərdə, Vətənə xidmətdə örnəkdirlər, bəşəriyyətin tərəqqisi naminə inkişafın rəmzidirlər.

Belə şəxsiyyətlərdən biri də tanınmış alim, Təhsil Problemləri İnstitutunun baş elmi məsləhətçisi, pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, ölkənin əməkdar müəllimi Vidadi Xəlilovdur. O, ömrünün 50 ilindən çoxunu estetika və estetik tərbiyə ideyalarının tədqiqinə və həyata keçirilməsinə həsr edib. …-in məlumatına görə, 25 dekabr akademik Vidadi Xəlilovun 75 yaşı tamam oldu!

Bu əlamətdar hadisənin şərəfinə görkəmli alimlərin, mədəniyyət və elm xadimlərinin, yaradıcı intelligensiya nümayəndələrinin, akademikin dostlarının və ailə üzvlərinin iştirakı ilə bayram gecəsi keçirilib.

Çıxış edənlər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov, fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının professoru Əziz Məmmədov və digərləri xeyli sayda istedadlı gənc alim yetişdirən akademik Vidadi Xəlilovun ölkə elminə verdiyi böyük töhfəni, onun yüksək insani keyfiyyətlərini vurğulayıblar.

 Qeyd edlib ki, Vidadi Xəlilovun əsas işlərindən biri estetika və estetik tərbiyə sahəsində elmi tədqiqatların, tanınmış bəstəkarlar xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərov, əməkdar incəsənət xadimi Qəmbər Hüseynli və xalq artisti Oqtay Zülfüqarovun monoqrafiyalarının, habelə təhsil prosesində müasir texnologiyaların rolu haqqında informasiyanın  təqdim olunduğu çoxcildli “Seçilmiş əsərləri”dir. “Seçilmiş əsərlər” insanların mədəni və estetik inkişaf səviyyəsinin artırılmasına, gənclərin tərbiyəsinə, intellektual sağlam cəmiyyətin formalaşdırılmasına xidmət edir.  

 Həmin gün yubilyarın ünvanına çoxlu səmimi sözlər və təbriklər səslənib.

 Azərbaycan Milli Geyim Mərkəzinin və Moda evinin direktoru, sənətşünaslıq üzrə fəlsfə doktoru Gülnarə Xəlilova ailə adından atasının həyat və elm fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib. Maraqlıdır ki, Gülnarə Xəlilova Vidadi Xəlilova həsr olunmuş “Ata Məhəbbəti, Ata İstəyiylə” kitabının müəllifir.

 Qonaqlara Azərbaycanın xalq artisti, xalq mahnıları və muğam ifaçısı Səkinə İsmayılova, əməkdar artist, müğənni və bəstəkar Tünzalə Ağayeva, ifaçılar Samirə Allahverdi, Cavid Hüseyn və digərlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

 Sonda Vidadi Xəlilov gecənin bütün qonaqlarına minnətdarlığını bildirib və deyib ki, Azərbaycanın çiçəklənməsi və elmin nkişafı naminə bundan sonra da əmək sərf edəcək.

Frame.az

Exit mobile version