MusiqiTəqdimat

Bakıda beynəlxalq “Milli rəqs və musiqi” festivalı keçirilib-FOTO-lar

“Odlar yurdu” qrupunun təşkilatçılığı, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında beynəlxalq “Milli rəqs və musiqi” festivalı keçirilib.

Frame.az xəbər verir ki, çıxış edən natiqlər festivalın əhəmiyyəti, məqsəd və məramı, həmçinin iştirakçı ölkələr barədə məlumat veriblər.

Bildirilib ki, beynəlxalq festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, İran, Litva, Tatarıstan, Qazaxıstan və Gürcüstandan olan rəqs qrupları iştirak edib. Festivalının təşkil olunmasında məqsəd dünyanın müxtəlif yerlərindən gəlmiş rəqs qrupları arasında dostluq əlaqələrini gücləndirmək, Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də milli bahar bayramı olan Novruz adət-ənənələri haqqında ətraflı məlumat verməkdir.

Diqqətə çatdırılıb ki, Novruz bayramı UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Sayca üçüncü dəfə təşkil olunan beynəlxalq “Milli rəqs və musiqi” festivalına ilbəil marağın artdığını söyləyən natiqlər vurğulayıblar ki, hazırkı tədbirə dünyanın 8 ölkəsindən 250-ə yaxın iştirakçı qatılıb.

Sonra iştirakçı qruplar təmsil etdikləri ölkələrin milli xalq musiqilərini və rəqslərini təqdim ediblər.

Sonda iştirakçılara xatirə hədiyyələri və diplomlar təqdim olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!