IdmanTəqdimat

Bakıda “Böyük dəbilqə” turnirinin açılış mərasimi olub

Noyabrın 4-də Heydər Əliyev adına İdman Sarayında Bakı “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib.

Mərasimin əvvəlində 2022-ci ildə Azərbaycanın cüdo üzrə qazandığı nailiyyətlərə həsr edilmiş videoçarx nümayiş olunub. Videoda bu il idmançılarımızın iştirak etdiyi turnirlər, medal verilmə mərasimləri və sevinc dolu anları əks olunub.

Gənclər və idman naziri Fərid Qayıbov ölkəyə səfər edən idmançıları və heyətləri salamlayıb. Bildirib ki, cüdo Azərbaycanda ən sevilən idman növlərindən biridir: “Cüdo idman növü ölkədə populyardır. Azərbaycan böyük beynəlxalq turnirlərə dəfələrlə ev sahibliyi edib. Ölkəmizdə cüdo üzrə dünya çempionatı keçirilib, ənənəvi olaraq hər il “Böyük dəbilqə” turniri təşkil olunur. Bizim Olimpiya və Avropa çempionlarımız var. Bu da o deməkdir ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində cüdo Azərbaycanda sürətlə inkişaf edir”.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Rövşən Rüstəmov turnir iştirakçılarını salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib. O, deyib ki, bu il Azərbaycanda cüdonun 50 illik yubileyi qeyd olunur. Buna görə “Böyük dəbilqə” turnirinə ev sahibliyi etmək xüsusi əhəmiyyət kəsb edir: “Ötən illər ərzində idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər turnirlərdə çoxsaylı medallar qazanıb və ölkəmizin bayrağını daim yüksək tutmaq üçün əllərindən gələni ediblər. Fəxrlə deyə bilərik ki, bu illərdə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan cüdo üzrə qabaqcıl ölkələrdən birinə çevrilib”.

Avropa Cüdo Birliyinin prezidenti Laszlo Tot BCF-in prezidenti adından bütün iştirakçıları salamlayıb və tədbirin təşkilində göstərdiyi səylərə görə ACF-yə minnətdarlığını bildirib. O, həmçinin turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini vurğulayıb. Laszlo Toth 50 illik yubiley münasibətilə Azərbaycan Cüdo Federasiyasını təbrik edib.

Sonra Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasının himnləri səsləndirilib.

Açılış mərasiminin sonunda “Azərbaycanda cüdonun 50 illiyi” adlı rəqs nümayiş olunub.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!