Site icon Frame.az

Bakıda “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası təşkil olunub

Formula 1 yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”ın) birgə təşkilatçılığı ilə oktyabrın 5-də BŞH Akademiyasında “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası təşkil edilib.

Frame.az xəbər verir ki, yarmarkada ölkədə fəaliyyət göstərən nüfuzlu şirkət və qurumlar gənclər üçün uyğun vakansiyalarını və təcrübə proqramlarını təqdim edərək ətraflı məlumat verdilər. Tədbirdə ümumilikdə 40-a yaxın müxtəlif şirkət və qurumlar iştirak edib.

BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova tədbirdə çıxış edərək Akademiyanın gənclər üçün yaratdığı imkanlardan danışıb. O, gənclərin arzuladıqları işi tapmasına dəstək olmaq üçün tədbirdə iştirak edən təşkilat və qurumlara Bakı Şəhər Halqası Akademiyası adından təşəkkürünü bildirib. Qeyd edib ki, gənclərin inkişafı Akademiyamızın başlıca hədəfidir. Bu fəaliyyətimizlə ölkədə həyata keçirilən gənclər siyasətinə dəstəyimizi göstəririk. Yarmarkanın keçirilməsində məqsəd gənclərin yerli şirkətlərlə əlaqə yaratmaq və CV-lərini birbaşa şirkətə təqdim etmək, karyera qurmaq istiqamətində fəaliyyətlərinin düzgün planlaşdırması üçün təcrübə proqramları, işə qəbul prosesləri ilə tanış olmaqdır.

“Ümumiyyətlə Əməliyyat Şirkətinin komandasının böyük hissəsi Azərbaycanın peşəkar gənclərindən təşkil olunub. Könüllü gənclərimiz də bu imkanlardan faydalana bilirlər. Belə ki, 2016-cı ildə Bakıda ilk dəfə baş tutan Formula 1 yarışında könüllü olmuş 50-dən çox gənc ötən mövsüm bu şansı əldə etdi və özlərini ən yüksək səviyyədə göstərməyi bacardı. 2018-ci ildə isə onların sayı artdı və Azərbaycan Qran-Prisində daha öncəki illərdə könüllü olmuş 75 nəfər işçi olaraq fəaliyyət göstərmişdi. Onlar insan resursları və işçi qüvvəsi, nəqliyyat, idman əməliyyatları, məkan əməliyyatları, media əməliyyatları və digər sahələrdə uğurla fəaliyyət göstəriblər”, – deyə İ.Əhmədova əlavə edib.

“AmCham Azərbaycan”ın icraçı direktoru Natəvan Məmmədova yarmarka iştirakçılarını Azərbaycan biznes sektoru adından salamlayaraq deyib: “Çox məmnunam ki, ölkəmizdəki iş adamları insan resurslarının idarə olunmasında ən qabaqcıl təcrübələrin tətbiqinə çalışırlar. “AmCham Azərbaycan” da bu baxımdan fəallığı ilə seçilir. Ümid edirəm ki, bugünkü tədbir işəgötürənlərlə işaxtaranlar arasında səmərəli əlaqə yaradacaq”.

“AmCham Azərbaycan”ın insan resursları üzrə komitəsinin sədri, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə insan resursları meneceri Elnarə Məmmədova çıxışında bu cür tədbirlərin önəmini vurğulayıb. Qeyd edib ki, işaxtaranları və işəgötürənləri bir araya gətirən karyera yarmarkası özünü inkişaf etdirmək istəyən gənclər üçün əvəzsiz imkandır. Burada iştirak edən aparıcı şirkətlərdə iş və ya təcrübə proqramına qatılmaq sözsüz ki, gənclər üçün geniş imkanlar yaradacaq.

Qeyd edək ki, yarmarkaya gələn 900-dən çox gənc tədbirdə iştirak etməklə yaradılan geniş imkanlara kiçik addım atmaq fürsəti qazanıblar. Yarmarka iştirakçılarının əksəriyyəti fəaliyyətə Formula 1 Azərbaycan Qran-Prisində və digər tədbirlərdə könüllü kimi başlayan gənclərdən ibarət olub.

Exit mobile version