EventsFestivallarMədəniyyətTəqdimatƏn SonƏn Son

Bakıda “Çin təqvimi üzrə Yeni il və Bakı” adlı silsilə tədbirlər keçiriləcək

Yanvarın 25-də Çin təqvimi üzrə ağ metal siçan ili başlayır. Bu da həmin 12 illik təqvimin ilk ili sayılır. Bu münasibətlə yanvarın 10-dan 18-dək Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il və Bakı” adlı silsilə tədbirlər keçiriləcək.

Xalça Muzeyindən Frame.az-a bildirilib ki, Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə həftə ərzində Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri və mühazirələr təşkil olunacaq. Ecazkar ölkənin müxtəlif mənzərələrindən ibarət fotosərgi, videoçarx və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadacaq.

Silsilə tədbirlər hər kəs, o cümlədən uşaqlar üçün nəzərdə tutulub və iştirak ödənişsizdir. Qədim Çin çay mərasimi, fənərlər, ənənəvi açıqcaların ieroqliflərlə yazılması və digər maraqlı ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən keçiləcək və Çin dilindən tərcümədə onlara həmin təhsil ocağının tələbələri kömək edəcəklər. Bu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamına töhfə olacaq.

Qeyd edək ki, Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi və bu ölkənin muzeyləri ilə Azərbaycan Milli Xalça Muzeyi sıx əməkdaşlıq edir. 2019-cu ildə Pekində Çin Milli Muzeyində, daha sonra isə Haynan şəhərində Cənub Çin Dənizi Muzeyində “Ecazkar Asiya – Asiya sivilizasiyaları” (Splendour Asia – Joint Exhibition of Asian Civilization) adlı sərgidə Heydər Əliyev Fondu və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyalarından Azərbaycan xalçaları və digər dekorativ tətbiqi-sənət nümunələri nümayiş etdirilib. Sərgilənən bu nümunələrlə üç milyondan çox insan tanış olub. Bu da Azərbaycan mədəniyyətinin incisi olan xalça sənətinin dünya səviyyəsində təbliği baxımından önəmli hadisədir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!