EventsIqtisadiyyatTurizmTəqdimat

Bakıda keçiriləcək “Caspian Agro 2022” sərgisində 24 ölkədən 449 şirkət iştirak edəcək

Mayın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Toğrul Qafarbəyli bu il sərgidə rekord sayda milli və regional stendlərin nümayiş olunacağını bildirib. Onun sözlərinə görə, nazirliyin aktiv dəstəyi və iştirakı ilə keçiriləcək sərgidə 24 ölkədən 449 şirkətin iştirakı təsdiqlənib, bu da ötən illə müqayisədə bir qədər çoxdur.

Nəzərə çatdırılıb ki, “Caspian Agro” kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Sərgidə Azərbaycan, ABŞ, Böyük Britaniya, Çin, Almaniya, Gürcüstan, Niderland, İspaniya, İsrail, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Slovakiya, Yaponiya və digər ölkələrdən olan şirkətlər iştirak edəcək. Sərgi çərçivəsində müxtəlif tədbirlər və müzakirələr təşkil ediləcək. Kənd təsərrüfatının müxtəlif sahələrində innovasiyalar həmişə sərginin tərkib hissəsi olub və bu il də istisna deyil.

“Caspian Events Organisers” MMC-nin nümayəndəsi Bəhruz Hidayətzadə qeyd edib ki, “Caspian Agro 2022” sərgisi yüksək texnologiyalara əsaslanan “Ağıllı Kənd”, “Əşyaların İnterneti”, “Süni İntellekt”, “IT xidmətləri”, “Pilotsuz uçuş aparatları (Dronlar)”, eləcə də “Robot kompleksləri” kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Üç gün davam edəcək sərgi zamanı kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar müzakirə olunacaq və sahibkarlar ilə sərgi iştirakçıları arasında işgüzar görüşlər keçiriləcək. Bundan başqa, “Smart Agro” bölməsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunacaq. “Smart Agro” kənd təsərrüfatının gələcəyidir və “Caspian Agro 2022” sərgisi məhz bunu nümayiş etdirəcək.

Diqqətə çatdırılıb ki, hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub.

Mətbuat konfransında, həmçinin qeyd olunub ki, “Caspian Agro” sərgisi ilə eyni vaxtda Xəzər regionunun qida sənayesi şirkətlərinin əsas görüş yeri olan “interFood Azerbaijan” sərgisi keçiriləcək. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq və sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır. 12 ölkədən 155 şirkətin iştirak edəcəyi sərgidə Azərbaycanla yanaşı, ABŞ, Gürcüstan, Niderland, İspaniya, İsrail, İtaliya, Rusiya, Türkiyə və Ukraynadan olan şirkətlərin məhsulları təqdim ediləcək.

Sərgilərdə iştirakçılara və ziyarətçilərə geniş işgüzar proqram təqdim olunacaq. Belə ki, “interFood Azerbaijan 2022” çərçivəsində komandalara və ayrı-ayrı şəxslərə öz sahələrində yüksək peşəkarlıq, istedad və qlobal miqyasda otel və restoran biznesinin tələblərinə cavab vermək istəyi nümayiş etdirmək imkanı verən 2-ci Azərbaycan Aşpazlar Çempionatı – “Chefs Cup” keçiriləcək.

Bakı Ekspo Mərkəzinin açıq sahəsində keçiriləcək “Balık Ekmek” festivalına xüsusi diqqət yetirilməlidir. Həmçinin məkanın təqdimat sahəsində Belarus-Azərbaycan biznes forumu da təşkil olunacaq. Ziyarətçilər maraqlı panel müzakirələrində iştirak edib, Bakı Ekspo Mərkəzinin foyesində “Qida – sənət əsəri” sərgisi: Dekorativ yeməklərin kompozisiyaları ilə də tanış ola biləcəklər.

15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!