Bakıda “Komandir” filminin qala-gecəsi təşkil olunub
Oktyabrın 12-də “Gənclik Mall Cinema Plus”da müharibə və döyüş janrında çəkilmiş “Komandir” türk filminin qala-gecəsi təşkil edilib.
Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı əməliyyatlarından biri olan və terror təşkilatının Suriyanın şimalında dəhliz yaratmasının qarşısını almaq üçün başladılan “Fərat Qalxanı” əməliyyatında baş verən real hadisələr əsasında çəkilən “Komandir” filmi döyüş, dram və triller janrındadır. Suriyanın Əl-Bab bölgəsində baş verən hadisəyə Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinə məxsus 4 nəfərlik xüsusi təyinatlı dəstənin müdaxiləsindən və orada şəhid olan dostlarının cənazələrini Türkiyəyə gətirmək üçün aparılan mübarizədən bəhs edən ekran əsəri reallığa uyğunluğu baxımından hər cür risk və təhlükələri gözə alaraq çəkilib.
Film Toros dağlarının enişli-yoxuşlu, dik və dağlıq–meşəlik sahələrində, Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir 7-ci Korpusunun kazarmasının Jandarma Baş Komandanlığına aid ərazilərində çəkilib.
Mert Kılıç, həyat yoldaşı Aslıhan Günər, Can Kızıltuğ və Emre Bulutun rol aldığı filmin rejissorları Selahattin Sancaklı və Mert Kılıçdır. Film Türkiyədə indiyədək çəkilmiş ən çətin, təhlükəli və mübarizə dolu filmlərdəndir. Mert Kılıç ən təhlükəli kadrlarda belə dublyorlardan istifadə etməyib və hər bir səhnədə şəxsən özü iştirak edib. Filmin döyüş səhnələrinin çəkilişi üçün dəvət olunan, Hollivud filmlərində də iştirak etmiş, işində peşəkar olan qazaxıstanlı rejissor döyüş səhnələrinin reallığa yaxın olması üçün əlindən gələni edib.
Öz sahəsində ən yaxşı filmlərdən biri kimi nümayiş olunan “Komandir” filminə Türkiyənin Daxili İşlər Nazirliyi yanında Jandarma Baş Komandanlığı da böyük dəstək verib. Filmdə Jandarma Baş Komandanlığının inventarında olan və terrorla mübarizədə geniş istifadə edilən “Black Hawk” (Qara Şahin) helikopterlərindən, Türkiyənin yerli və milli istehsalı olan “Atak” hücum helikopterlərindən və zirehli hərbi maşınlardan istifadə olunub.
Filmdə baş rolda oynayan və mayor Tuna Alkan obrazına həyat verən döyüş filmlərinin ən uğurlu və mübahisəsiz ən yaxşı aktyoru Mert Kılıç da həyat yoldaşı peşəkar aktrisa Aslıhan Günərlə eyni səhnələrdə rol alıb. Filmdə suriyalı türkmən qadın obrazını canlandıran Aslıhan Günər, həmçinin öz səsi ilə mərsiyə də oxuyub.