EventsIqtisadiyyatTəqdimatƏn SonƏn Son

Bakıda “Korporativ ianəçilik mədəniyyətinin təşviqi” mövzusunda tədbir keçirilib

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına dəstək olmaq məqsədilə martın 1-də “Korporativ ianəçilik mədəniyyətinin təşviqi” mövzusunda tədbir keçirilib.

Qarabağ Dirçəliş Fondu, “Opalus Partners Group” və “Geopro” şirkətlərinin birgə təşkilatçılığı ilə tədbirin əsas məqsədi ianə mədəniyyətini təbliğ etmək, bu mövzuda maarifləndirmə aparmaqla şirkət daxilində işçi heyətin funksional fəallığını, mədəni, mənəvi və milli dəyərlərə sadiqliyini artırmaq və Qarabağın dirçəlişi uğrunda həmrəylik göstərməyə təşviq etməkdir. Korporativ könüllülük sosial məsuliyyət elementi olaraq vaxtın maliyyə mükafatı müqabilində deyil, mütəşəkkil qruplar daxilində başqalarının xeyrinə ianə edilməsi prinsipidir.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək tədbir iştirakçılarına Fondun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, Qarabağ Dirçəliş Fondunun ötənilki fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə danışarkən vurğulayıb ki, fondun fəaliyyətində prioritet istiqamətlərdən biri işğaldan azad olunan ərazilərdə ermənilərin 30 ilə yaxın müddətdə apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərərin miqyası barədə məlumatların geniş ictimaiyyətə çatdırılmasıdır.

Eyni zamanda, Qarabağda tarixi irsimizin bərpasının da Fondun fəaliyyətinin prioritetlərindən olduğunu qeyd edən Rəhman Hacıyev bu il nəzərdə tutulan layihələr, Fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə ətraflı məlumat verib.

Daha sonra Rəhman Hacıyev tərəfindən Fondun donorlarına “İanə Sertifikatı” təqdim olunub.

Tədbirdə, həmçinin “Opalus Partners Group” şirkətinin direktoru Çimnaz Qasımova, “OMG İnternational” şirkətinin prezidenti Faiq Hacıəlibəyov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, “PAŞA Holding” MMC-nin Korporativ Kommunikasiya üzrə baş mütəxəssisi Aytac Muxtarzadə, “Qırmızı ürəklər” Xeyriyyə Fondunun prezidenti Sevda Haqverdiyeva, “AzerGold” QSC-nin İnsan Resurslarının İdarəolunması şöbəsinin müdiri Ceyhun Əliyev, “Azercell Telekom” MMC-nin Korporativ Əlaqələr departamentinin direktoru Sona Abbasova çıxış ediblər. Çıxışlar zamanı ianə mədəniyyətinin rolu və vacibliyi, ianəçiliyin geniş ictimaiyyətə ötürülməsinin təmin edilməsi, korporativ ianəçilik mədəniyyətinin təşviqi və onun həyata keçirilməsi üçün qabaqcıl təcrübələrdən istifadə olunması, mənəvi və digər stimulların genişləndirilməsi kimi məsələlərə xüsusi yer ayrılıb.

Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ideya müəllifi olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan “Karabakh.Center” internet-resursu əsasında “Qarabağda urbisid” videoçarxı nümayiş olunub.

Daha sonra Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədovanın moderatorluğu ilə fikir mübadiləsi sessiyası keçirilib.

Tədbirin sonunda Pərvin Məmmədova və Çimnaz Qasımova Qarabağ Dirçəliş Fondu, “Opalus Partners Group” və “Geopro” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən bugünkü tədbirin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, belə görüşlərin mütəmadi keçirilməsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində iştirakçılılığın təmin edilməsi, eyni zamanda, bu sahədə korporativ xeyriyyəçiliyin təbliği kimi məsələlərə böyük töhfə verə bilər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!