Formula-1 Azərbaycan Qran-Prisinin qalibi, “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında Bakıda olmağından məmnun olduğunu vurğulayıb.
Bakı ilə bağlı təəssüratlarını bölüşən D.Rikkardo deyib: “Ölkənizdə olduğum müddətdə çox maraqlı vaxt keçirmişəm. Hava soyuq olsa da, ümumi ab-hava çox istidir. Burada hamı mənə dəstək olur. Mənə yaxınlaşır, şəkil çəkdirmək, avtoqraf istəyirlər”.
Azərbaycan paytaxtının gözəl olduğunu və Bakı trekini çox sevdiyini vurğulayan avstraliyalı pilot deyib: “Bakı trasında hərəkət çox çətindir. Çünki yollar duz deyil. Əgər bir yerdə səhvə yol versən, bu, böyük uğursuzluqla nəticələnə bilər. Riski sevirəm. Burada sürəti anidən aşağı salmaq və yenidən artırmaq lazımdır. Bu baxımdan Bakı trasını çox bəyənirəm. Burada təkərlər yanmır. Bu da Bakı trekinin üstün cəhətlərindən biridir. Ona görə də sayıqlığı itirməməlisən. Ümumiyyətlə, Bakı treki qeyri-adi və cəlbedicidir. Bunu burada qalib gəldiyim üçün demirəm. Mütəxəssislər, azarkeşlər və pilotlar da belə deyirlər”.
Pilot çempionat ərzində ən ecazkar trasın Bakı treki olduğunu deyib: “Mən Bakıda, Azərbaycan Qran-Prisində qalib olmuşam. Burada heç bir dəyişikliyin olmasını istəmirəm. Bakı şəhər halqası əla vəziyyətdədir”.
Gələn il üçün planlarından danışan avstraliyalı pilot deyib: “Bu ilə böyük ümidlə baxırdıq. Düşünürdük ki, “Mercedes” və “Ferrari”yə meydan oxuya bilərik. Lakin alınmadı. Növbəti mövsüm lap əvvəldən özümüzü yaxşı göstərməliyik. Şəxsi göstəricilərimi yaxşılaşdırmalı, səhvlərə yol verməməliyəm. Əminəm, 2018-ci il bizim üçün daha yaxşı ola bilər”.
D.Rikkardo Formula-1 çempionu Luis Hamilton barədə danışarkən bildirib ki, o, çox soyuqqanlıdır. Hətta gərgin idman mübarizəsi şəraitində belə soyuqqanlılığını itirmir. O, bütün yarışları tamamlaya bilib. Biz bu cür rəqiblə mübarizə aparırıq.
Formula-1-in yeni loqotipini bəyəndiyini qeyd edən pilot karyerasını bitirməyi düşünmədiyini diqqətə çatdırıb.
Pilot mövsümün sonuncu yarışı olan Abu-Dabi Qran-Prisindəki çıxışı haqda da danışıb: “Abu-Dabidə yaxşı mübarizə aparırdım. Sebastyanın ardınca gəlirdim. Çalışırdım ki, onu keçim. Sonra isə hidravlikada müəyyən problemlər yaşandı. Biz hidravlikanı itirəndə gücü itiririk. Anladım ki, maşında nə isə düzgün getmir. Heç nəyi dəyişə bilmədim və dayanmaq məcburiyyətində qaldım. Əlbəttə, bu, məyusedici an idi. Maks və mən ümumilikdə 13 yarışı tamamlaya bilmədik. Bu göstərici olduqca çoxdur. Çempionatda belə olmamalıdır. Luis Hamilton isə bütün yarışları tamamlaya bilib. “Mercedes”in bu etibarlılıq səviyyəsi ilə rəqabət aparmaq gücündə olmalıyıq. Ümidvaram ki, 2018-ci ildə buna nail olacağıq”.