EventsOxu zalıTəqdimat

Bakıda “Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq Təlim Konfransına start verilib

Bu gün Bakıda Avropa Azərbaycan Məktəbində “Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq Təlim Konfransı işinə başlayıb.  

Frame.az xəbər verir ki, tədbir Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM / azteachers.az) və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS / teas.eu) birgə təçkilatçılığı ilə keçirilir. İki gün davam edəcək konfransda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sədri və təsisçisi Taleh Heydərov da iştirak edir.

Konfransı Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktoru Qrem Pollok açıb. Sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva təhsil naziri Mikayıl Cabbarovun salamlama məktubunu konfrans iştirakçılarının nəzərinə çatdırıb: “Artıq ikinci ildir ki, Azərbaycan Müəllim İnkişaf Mərkəzi müəllimlər üçün Beynəlxalq Təlim Konfransı təşkil edir. Ötənilki konfrans təhsil ictimaiyyətində geniş müzakirə obyektinə çevrilib və müsbət əks-səda yaradıb. Ümid edirik ki, bu konfrans da təhsil işçilərinin gözləntilərini doğruldacaq, öyrənməyə davam etməyə güclü stimul verəcək. Konfransın işinə bir daha uğurlar arzulayıram”.

Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov Azərbaycanın yeni təhsil modelindən danışıb, ölkədə dövlət tərəfindən müəllimlər üçün yaradılan şəraitdən bəhs edib.

Qeyd edək ki, builki konfrans “Öyrənməyi öyrənmək” mövzusuna həsr olunub. Təlimin keyfiyyətinin yüksəldilməsi platforması çərçivəsində keçirilən konfrans müddətində iştirakçılar bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin mahiyyətinə dair biliklərini inkişaf etdirəcəklər. Bundan əlavə, konfransda düşünmə prosesinin necə baş verməsi, müəllimlərin məntiqli düşünmək bacarığını necə təşviq etmələri və şagirdlərin təlim nəticələrinin inkişafında beynin məlumatı necə emal etməsinin rolu təhlil olunacaq.

Konfransda üç tanınmış beynəlxalq məruzəçi – Kanadadan Leyn Klark, Böyük Britaniyadan Mətt Bromli və Tristan Stobi iştirak edirlər.

Əsas məruzəçilərlə yanaşı, təcrübəli xarici və yerli təhsil mütəxəssisləri də bölmə seminarlarında müxtəlif mövzularda təqdimatlar keçirəcəklər.

Konfransda beynəlxalq səviyyəli qabaqcıl təhsil mütəxəssislərinin peşəkar təlim və inkişafa dair fikir mübadiləsindən əlavə, Azərbaycanın müxtəlif məktəblərində çalışan müəllimlərin bir araya gəlməsi, ünsiyyət qurması və təcrübə mübadiləsi üçün də imkan yaranacaq.

Konfransdan sonra, noyabrın 18-də “Master klass” seminarları keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!