Bakıda Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi haqqında Konvensiyasının həyata keçirilməsində QHT-lərin rolu müzakirə olunub

İyulun 15-də Bakıda “BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının (CEDAW) həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda tədbir keçirilib.

Frame.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın moderatorluğu ilə keçirilən tədbirdə komitənin sədri Bahar Muradova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bahar Muradova çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd 2022-ci il iyunun 16-da BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 82-ci sessiyasında Azərbaycan Hökumətinin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasının icrasına dair altıncı dövri məruzəsi ilə bağlı CEDAW Komitəsinin yekun tövsiyələri barədə vətəndaş cəmiyyəti nümayəndələrini məlumatlandırmaq, onları bir daha müvafiq sahədə əməkdaşlığa və tövsiyələrin həyata keçirilməsinə töhfə verməyə dəvət etməkdir. Hesabatın müvafiq nazirlik və komitələr tərəfindən verilmiş məlumatlar əsasında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılmış İşçi Qrup tərəfindən hazırlandığını qeyd edən Bahar Muradova, eyni zamanda, qadın hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti ilə görüş və məsləhətləşmələr aparıldığını da diqqətə çatdırıb. Ötən dövr ərzində ölkədə qadın hüquqlarının təmin olunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərin gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirildiyini bildirən komitə sədri gender stereotiplərinin aradan qaldırılması istiqamətində də maarifləndirmə və qurumlararası əlaqələrin gücləndirilməsi məsələsinin daim diqqət mərkəzində olduğunu deyib. Komitə sədri, eyni zamanda, bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti ölkənin beynəlxalq sənədlərlə öz üzərinə götürdüyü öhdəliklərə uyğun həyata keçirilir. Çünki hər kəs üçün bərabər iştirak və imkanların yaradılması daha yaxşı inkişaf üçün əsas meyarlardandır.

Bahar Muradova, həmçinin CEDAW Komitəsinin yekun tövsiyələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, iclas zamanı Azərbaycan Hökumətinin son yeddi il ərzində bu istiqamətdə gördüyü işlər kifayət qədər konstruktiv şəkildə müzakirə olunub. Eyni zamanda, CEDAW Komitəsi tərəfindən bu istiqamətdə ölkəmizdə qanunvericilik islahatlarının aparılması, Prezidentin fərmanlarını, fəaliyyət planlarının qəbulu ilə bağlı razılıq qeyd olunub. Parlamentin də bu prosesdəki rolu, qəbul etdiyi qanunlar xüsusi vurğulanıb.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Çıxışlar zamanı bu sahədə mövcud olan problemlər, Qeyri Hökumət Təşkilatlarının gender bərabərliyinin təşviqi, eləcə də bu istiqamətdə maarifləndirmə işinin aparılmasında daha fəal iştirak etməsi kimi digər məsələlər də diqqətə çatdırılıb.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: