EventsMədəniyyətTəqdimat

Bakıda yeni layihə çərçivəsində heykəllərin təmizlənməsinə başlanılıb

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı və sahə üzrə mütəxəssislərin iştirakı ilə “Təmiz heykəl” adlı layihə həyata keçirib.

Aprelin 18-də “Təmiz heykəl” adlı layihəyə Xurşidbanu Natəvanın heykəlinin təmizlənməsi ilə start verilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Bu əlamətdar günün Azərbaycanda da geniş qeyd olunduğunu söyləyən S.Məmmədəliyeva bildirib ki, hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur: “Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr uğurla inkişaf edir”.

Qeyd edilib ki, Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan Hökuməti üçün prioritet məsələdir və ölkəmiz bu istiqamətdə UNESCO ilə sıx əməkdaşlıq edir. Bu günlə əlaqədar olaraq Azərbaycan azad edilmiş ərazilərdəki mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığını bir daha diqqətə çatdırıb. Ərazilərimizin işğalı dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad olunmuş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və digərləri layihənin əhəmiyyəti haqqında danışıblar.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülüb. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, təbliği və tədqiqi sahəsində mühüm işlər həyata keçirilir.

Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini xarakter daşımasından asılı olmayaraq, Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini əks etdirir.

Diqqətə çatdırılıb ki, “Təmiz heykəl” adlı layihənin başlıca məqsədi ölkəmizin ərazisində ucaldılmış Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsi və onların baxımlı saxlanılmasıdır.

“Təmiz heykəl” adlı layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri – Xurşidbanu Natəvan (Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Əziz Əliyev küçəsinin kəsişməsi, “Azərbaycan” kinoteatrının qarşısı), Mirzə Ələkbər Sabir (İstiqlaliyyət küçəsi, Sabir bağı), Mirzə Fətəli Axundzadə (Axundov bağı), Mikayıl Müşfiq (İnşaatçılar prospekti), Mehdi Hüseynzadə (Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsi), Nəsimi (Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi), Fikrət Əmirov (Üzeyir Hacıbəyov küçəsi), Bülbül (Bülbül küçəsi ilə Nizami küçəsinin kəsişməsi), Niyazi (Niyazi küçəsi), Hacı Zeynalabdin Tağıyev (Səbail rayonu, İçərişəhər metrostansiyası), Yusuf Məmmədəliyev (İstiqlaliyyət küçəsi), Səməd Vurğuna (Puşkin küçəsi) həsr olunmuş heykəl və büstlərin, “Kitabi-Dədə Qorqud” (Nərimanov rayonu, Dədə Qorqud parkı) və “İstiqlal” (İstiqlaliyyət küçəsi) abidələrinin, həmçinin Aleksandr Puşkin (Puşkin küçəsi) və Volfqanq Amadey Motsartın (İnşaatçılar prospekti, Motsart bağı) heykəllərinin təmizlənməsi nəzərdə tutulub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!