Site icon Frame.az

“Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb

Oktyabrın 19-da Milli İncəsənət Muzeyində muzeyin və Belçika Krallığının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Belçika Komiks Mərkəzinin tərəfdaşlığı ilə ölkələr arasında ikitərəfli münasibətlərin 30-cu ildönümünə həsr olunmuş “Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb.

Sərginin keçirilməsində məqsəd Azərbaycan ictimaiyyətinə Belçikanı kəşf etmək imkanı yaratmaqdır.

Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans Belçikanın bütün dünyada məşhur şəhərləri, abidələri, mənzərəsi və mədəni ənənələri ilə tanındığını vurğulayıb: “Xüsusilə də Belçika cavan və yaşlı nəsil tərəfindən sevilən komiksləri ilə məşhurdur. Belçika “9-cu incəsənət” ölkəsi olaraq, çoxlu komiks nəşrləri, illüstratorlar və ssenaristləri ilə təbii olaraq müəlliflərini ilhamlandırıb. Onların yaradıcılığından ilhamlanaraq Franken, Didye Komes, Tibet, Serve, Mero, Mark Slin, Olivye Şrauven və ya Brext Evens kimi hər biri öz irsinin bir hissəsini təbliğ edən yazıçı və illüstratorlar nəsli incəsənətə yeni töhfələr veriblər”.

Otuz iki paneldən ibarət olan “Belçikaya komikslərlə səyahət” sərgisi çərçivəsində təqdim olunan nümunələrin hər biri ölkənin irsinin bir hissəsini təbliğ edir. Hər bir panel ziyarətçiyə Belçikada bir şəhər və ya bölgəni kəşf etmək imkanı verir. Nümayiş olunan komikslərdə öz möhtəşəmliyi ilə seçilən Flandriya, Valoniya, Brüssel, o cümlədən Arden, Binş və ya Şarlerua şəhərləri son dərəcə istedadlı müəlliflər tərəfindən möhtəşəm hekayələrin rəngarəng təsviri vasitəsilə təqdim olunur. Sərgidə klassik albomlardan son nəşrlərə kimi dövrlərin və janrların müxtəlifliyini, həmçinin ölkənin hər üç bölgəsinin zənginliyini görmək mümkündür.

Sərgi barədə geniş məlumat verən Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Könül Rəfiyeva sərginin noyabrın 14-dək davam edəcəyini bildirib.

 

Exit mobile version