Beynəlxalq Muğam Mərkəzində şair, tərcüməçi Ələkbər Ziyatayın xatirəsinə həsr olunmuş tədbir keçirilib

Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində şair, tərcüməçi Ələkbər Ziyatayın xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Gecədə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu,  Əməkdar müəllim Ofeliya Babayeva çıxış edərək Ələkbər Ziyatay yaradıcılığından söz açdılar. Şairin tərcümələri, lirik şeirləri və uşaq ədəbiyyatına verdiyi töhfələrdən söz açdılar. Bildirildi ki, ürəkləri riqqətə gətirən şeirlər, qəlbləri ovsunlayan nəğmələr müəllifi, şair, tərcüməçi Ələkbər Ziyatayın keçən əsrin Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xətti, öz yeri vardır. Yaradıcılığa keçən əsrin 30-cu illərində “İkibaşlı qartal”, “Berlində yanğın”, “İki cahan” şeirləri ilə gələn şair ədəbiyyatımızı çox dəyərli sənət inciləri ilə zənginləşdirib. Tərcüməçi kimi Əlişir Nəvainin, Puşkinin, N.Nekrasovun , T.Şevçenkonun və başqalarının əsərlərinə Azərbaycan dillində həyat verməklə  bədii tərcümənin qabil ustası kimi tanınıb. Ə.Ziyatay əsasən, nəğməkar şair kimi tanınırdı. Onun qəlb oxşayan mahnıları, incə qəzəlləri müğənnilərimizin, xanəndələrimizin sevə-sevə üz tutduğu ədəbi nümunələrdir. Çıxışların sonunda şairin qızı Pərvin Cəfərova atasının xatirəsinə olan diqqətə görə təşkilatçılara minnətdarlığını ifadə edərək  atası ilə bağlı xatirələrini bölüşdü.

Gecə bədii hissə ilə davam etdi. Aktyorların ifasında şairin şeirləri və dillər əzbəri olan mahnılar səsləndirildi. Konsert proqramında Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artist Zakir Əliyev, müğənnilər Rövşən Əziz, Sədəf Budaqova, Səbinə Ərəbli, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Vüsal Hacıyev və Gülzar Fərəcova çıxış etdilər. İfaçıları Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” XÇA ansamblı müşayiət edirdi.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!