Site icon Frame.az

Beynəlxalq poçt göndərişlərinin qəbulunda daha bir yenilik

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən “Poçta Rossii” ilə aparılan danışıqlar nəticəsində yerüstü nəqliyyatla daşınan beynəlxalq poçt göndərişlərinin qəbulu həyata keçirilib.

Rusiya, Belarus və Ukraynadan Azərbaycana daxil olan poçt göndərişləri Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən ölkəmizə daxil olub. Həmçinin, Ukraynadan Qırğızıstana göndərilən tranzit poçt göndərişlərinin daşınması təmin edilib.

Hazırda Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılması həyata keçirilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb. Bu baxımdan yerüstü nəqliyyat vasitəsi ilə poçt göndərişlərinin mübadiləsi mühüm əhəmiyyət daşıdığı üçün gələcəkdə bu istiqamətdə danışıqların digər ölkələrlə də aparılması nəzərdə tutulur.

Xatırladaq ki, “Azərpoçt” MMC tərəfindən yük aviaşirkəti ilə aparılan danışıqların nəticəsi olaraq 34 ölkəyə beynəlxalq poçt daşımaları həyata keçirilir.

Frame.az

 

Exit mobile version